Əvvəla onu deyim ki, "seçki"nin nəticələri bəri başdan bəllidir. Yəni, Araik Arutyunyan qalib gələcək.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Arutyunyanın cəmi bir neçə yüz səsinin çatmaması səbəbindən birinci mərhələdə qalib gələ bilməməsi seçki oyunudur:
“Ermənilər "seçki"lərin guya demokratik keçdiyini və Arutyunyanın "seçki"ləri bir neçə yüz az səslə uduzduğunu göstərməklə guya hər bir seçici səsinin nəzərə alındığını göstərmək istəyirlər. İkinci turun keçirilməsi və ümumiyyətlə, bu turun olması da oynanılan oyunun, quraşdırılan ssenarinin tərkib hissəsidir. Lap əvvəldən, "seçki"nin birinci turundan da bəlli idi ki, Paşinyanın adamı olan Arutyunyan "seçki"lərdə “qələbə” qazanaraq qondarma qurumun başçısı seçiləcək. Amma senariləşdirilmiş seçki oyununa getdilər. İrəvan tərəfindən hazırlanmış həmin ssenaridə kimin nə qədər səs alacağı, kimlərin neçə səslə ikinci tura keçəcəyi öz əksini tapmışdı”.
Q. Hüseynlinin sözlərinə görə, koronavirusla bağlı dünyada bütün kütləvi tədbirlərin təxirə salınmasına baxmayaraq, özlərini mədəni xalq adlandıran ermənilər sübut etdilər ki, öz maraqları olan yerdə hər şeyin üstündən xətt çəkməyə hazırdırlar:
“Əslində onlar bununla öz barbar xislətlərini ortaya qoymuş oldular. Bir daha qeyd etmək istərdim ki, bu “seçkilər”in ikinci turunun da nəticələri bəllidir. Əslində bu “seçkilər” Dağlıq Qarabağın Xankəndi və müəyyən rayon mərkəzləri istisna olmaqla, uzaq dağ kəndlərinin heç birində təşkil olunmayacaq. Yəni oralarda əhali bu "seçki"yə gəlmir. Birinci tur ərəfəsində ermənilər iddia edirdilər ki, guya Dağlıq Qarabağda koronavirus yoxdur. İndi isə koronavirusun olması, hətta onun həndəsi silsilə ilə artması barədə xəbərlər yayılmaqdadır.
Sözün həqiqi mənasında ortalıqda qarşıdurmaya bənzər söz ittihamları var. Məsələn, Dağlıq Qarabağda siyasi elita belə hesab edir ki, koronavirus Qarabağa Ermənistandan gəlib. Çünki Qarabağ klanı "seçki"lərdə məğlubiyyətə uğradığı üçün koronavirusun bütün günahlarını İrəvanın – Paşinyanın üstünə atmaq istəyir. İrəvan isə əlaltdan öz imicmeykerləri tərəfindən belə bir fikir irəli sürür ki, Dağlıq Qarabağa koronavirus İrandan gəlib. Onu qondarma rejimə neft və yanacaq məhsulları daşıyan TIR-lar vasitəsilə sürücülər gətirib. İndi isə sürətlə artır və Dağlıq Qarabağın tibb infrastrukturu bu prosesi lokallaşdırmaq üçün hər hansı tədbir görmək iqtidarında deyil.
Ona görə də bir yandan koronavirus təhlükəsi qorxusu, digər tərəfdən "seçki" ərəfəsində hər şeyin formallaşması Xankəndində, eləcə də İrəvanın özündə əsl panika yaradıb. Heç də səbəbsiz deyil ki, Paşinyanın belə deyək, sözçüsü kimi özünü göstərən keçmiş prezident Levon Ter Petrosyan bəyanat yaymağa məcbur olub ki, indi əsas məsələ Qarabağda "seçki"ləri başa çatdırıb onun legitimliyini təmin etməkdir.
Göründüyü kimi, ermənilər bu məsələdə kifayət qədər özlərinə, olmayan imiclərinə böyük zərbələr vurublar və onsuz da nəticəsi tanınmayan, təyinatlı, anti-demokratik şəraitdə keçirilən “seçkilər” ermənilərə gözlədikləri nəticələri verməyəcək”.
Qeyd edək ki, qondarma Dağlıq Qarabağ rejimində “prezident seçkisi”nin birinci turu martın 31-də keçirilib. İlk turda qondarma rejimin sabiq “baş naziri” Araik Arutyunyan 36 706 (49,6%) səs toplayaraq birinci, qondarma rejimin “xarici işlər naziri” Masis Mayilyan isə 19 360 səs (26,7%) toplayaraq ikinci yerə çıxıb. Namizədlərdən heç biri tələb olunan 50+1 səviyyəsində səs qazana bilmədiyi üçün “prezident seçkiləri"nin ikinci turu təyin olunub. İkinci tur aprelin 14-də keçiriləcək.