15 Aprel 2020 11:46
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan işğal edilmiş ərazilərimizdə baş verən qeyri-qanuni hərəkətləri izləyir və müvafiq operativ reaksiyalar verir. Doğrudur, bu, hələlik yalnız diplomatik və siyasi müstəvidə baş tutur. Ancaq işğalçı Ermənistan və qondarma rejim əmin olsun ki, problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün də uzaqda deyil.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Azərbaycanın işğal edilmiş ərazilərində aprelin 14-də keçirilmiş qondarma seçkilərin ikinci turu barədə fikirlərini bölüşən millət vəkili qeyd edib ki, buna görə də seçki şouları ilə işğal faktını ört-basdır etmək niyyəti baş tutmayacaq:

“Artıq qondarma rejimin seçki oyunu mart ayının 31-dən dərhal sonra bütün beynəlxalq qurumlar və dünya siyasətini müəyyənləşdirən ölkələr tərəfindən pislənildi. İndi isə uydurma ikinci mərhələ adı ilə yenidən seçki oyunu təkrarlandı”.

Hikmət Babaoğlu qeyd edib ki, bu hadisə vahid siyasi təxribatın tərkib hissəsi olduğu üçün qondarma 31 mart seçkilərinə verilən qiymət avtomatik olaraq onun davamına da şamil edilir:

“Ona görə də status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq . Tam əksinə, bu cür təxribatlar siyasi prosesləri sürətləndirməklə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə nəticələnəcək”.

Qeyd edək ki, aprelin 14-də qondarma Dağlıq Qarabağ rejimində “prezident seçkisi”nin ikinci turu keçirilib. İkinci turda namizədlər qondarma rejimin sabiq “baş naziri” Araik Arutyunyan və qondarma rejimin hazırda “xarici işlər naziri” olan Masis Mailyan olub. Qondarma rejim ərazisindəki 282 məntəqədə səslərin hesablanmasından sonra A.Arutyunyanın 39 860, M.Mailyanın isə 5 428 səs aldığı məlum olub.

Digər maraqlı məqam isə Ermənistan prezidenti Armen Sərkisyanın “seçki”nin nəticlərini gözləmədən, aprelin 14-də axşam A.Arutyunyanı “seçki”də qalib gəlməsi münasibətilə təbrik etməsindən ibarətdir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər