15 Aprel 2020 16:59
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə dövlət başçısının çıxışı zamanı ölkəmizin koronavirusla mübarizəsi, bu mübarizənin gedişi, mübarizənin təşkilində Azərbaycan cəmiyyətinin, hər bir fərdin və dövlət orqanının fəal iştirakı, əldə edilən nəticələr, həmçinin, dövlətimizin bu mübarizə ilə dünyaya verdiyi önəmli və əhəmiyyətli təcrübələr də daxil olmaqla bir sıra məsələlərlə bağlı çox əhəmiyyətli mesajlar verildi.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, verilən mesajların müəyyən hissəsi beynəlxalq təşkilatlara, müəyyən hissəsi Azərbaycan ictimaiyyətinə, bir hissəsi isə təbii ki, ölkənin siyasi qüvvələrinə yönəlmişdi: “Ən maraqlı məsələlərdən biri artıq Azərbaycanın, cənab prezidentin də qeyd etdiyi kimi, müstəqillik illərində heç vaxt rast gəlinməyən yeni siyasi konfiqurasiyaya daxil olmasıdır. Söhbət ondan gedir ki, bu gün ölkənin idarəçiliyinə, siyasi proseslərə, yeni siyasi konfiqurasiyanın yaradılmasına müxalifət qüvvələrinin daha fəal şəkildə cəlb edilməsi dövrünü yaşayırıq”.

Aydın Quliyevin sözlərinə görə, müşavirədə çox konkret şəkildə qeyd olundu ki, ölkənin siyasi müxalifət dairələrinin bu konfiqurasiya qarşısında azı iki yolu var: “Birinci yol ondan ibarətdir ki, hansı qüvvələr dövlətçilik mövqeyində dayanacaqlarsa, dövlətçilik prinsiplərinə, dövlətçilik siyasətinə dəstək verəcəklərsə onların fəaliyyəti davam edəcək.

İkinci yolu seçənlər – hansılar ki, məsələn, koronavirusu da dövlətçiliyə qarşı mübarizədə bir fakta çevirməyə çalışırlar, hansılar ki, xalq nə qədər çətinliyə düçar olursa-olsun bundan siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərirlər, hansılar ki, xalqın daha ağır vəziyyətdə olmasına çalışaraq bunu bir siyasi mübarizə aləti etmək istəyirlər, dialoqdan imtina edirlər, ölkənin idarəçiliyində və siyasi proseslərdə heç bir formada iştirak etmək istəmirlər – sözsüz ki, belə radikal qüvvələrin sonu yoxdur. Onlar özlərini Azərbaycan siyasətində çıxdaş edəcəklər.

Bir sözlə bu müşavirədə Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmlənməsində iştirak etmək istəyən müxalifət kəsiminin də, özünü xalqa, dövlətçiliyə düşmən kimi aparan müxalifətin də ünvanı dəqiq şəkildə göstərildi”.

Aydın Quliyev qeyd edib ki, bundan sonra seçim heç şübhəsiz, Azərbaycan xalqınındır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər