İlin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Prezident İlham Əliyev birinci rübdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində meydana çıxan reallıqlardan danışdı və məlum oldu ki, bütün çətinliklərə, koronavirus pandemiyasının gətirdiyi təhlükələrə baxmayaraq Azərbaycan vaxtında qabaqlayıcı tədbirlər görməklə həm iqtisadi fəallıq, həm də vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm uğurlar əldə edib.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, ancaq bu iki mühüm faktorun öncəliyinə gəldikdə isə Prezident İlham Əliyev ilk növbədə vətəndaşların sağlamlığının vacibliyini xüsusi olaraq vurğulayaraq bildirdi ki, əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır:
“ Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq və insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı.
Düşünürəm ki, bu mövqe Azərbaycan vətəndaşlarının sağlamlığı və səhhətinin daim Prezident İlham Əliyevin diqqət mərkəzində olmasından xəbər verməklə elə sosial dövlət siyasətinin də əsaslarını təşkil edir. Hazırkı mürəkkəb vəziyyətdə dövlətimizin həyata keçirdiyi sosial siyasət sayəsində həm vətəndaşlarımızın sağlamlığının qorunması təmin edilir, həm də onların sosial ehtiyacları qarşılanır. Bu mənada Azərbaycan nümunəvi təcrübə yaratmağı bacaran bir ölkədir.
Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan hazırda koronavirus pandemiyasına qarşı effektiv mübarizə aparan ölkələr sırasındadır. Videokonfrans-müşavirədə qeyd edildi ki, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat həcmindədir. Bu olduqca böyük məbləğdir və kifayət qədər effektiv nəticələr əldə etməyimizə səbəb olacaq.
Ancaq digər istiqamətlər üzrə əlavə maliyyə mənbələri nəzərdə tutulur ki, bunlar da tibbi avadanlıqların və digər tibbi vasitələrin təmin olunmasına xidmət edəcək. Başqa bir istiqamət isə sosial təminatı zəif olan vətəndaşlarımıza birdəfəlik yardımların ödənilməsidir ki, bu da bu ilin birinci rübündə bütün sosial ödənişlər üzrə 2,3 milyon vətəndaşımıza 1,5 milyard manat məbləğində sosial ödənişlərin həyata keçirilməsidir. Bundan əlavə kommunal xidmətlərin güzəştli şərtlərlə ödənilməsi, müvafiq sosial təbəqəyə mənsub olan vətəndaşlarımızın təhsil haqlarının dövlət tərəfindən qarşılanması haqqında qərarlar qəbul edilib ki, bütün bunlar vətəndaşlarımızn yaranmış vəziyyətdə maksimum sosial müdafiələrinin təmin edilməsinə hesablanıb”.
Hikmət Babaoğlu qeyd edib ki, müşavirədə mövcud məhdud şərtlərdə iqtisadi inkişafımızın bundan sonrakı mərhələdə təmin edilməsi istiqamətlərində də xüsusi tövsiyələr və göstərişlər verildi:
“Bunlardan biri də ərzq təhlükəsiziliyimizi təmin etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində idi ki, prezident elə müşavirədəcə bu problemin həlli ilə müvafiq maliyyə mənbəyini göstərməklə xüsusi tapşırıqlar verdi. Azərbaycan Prezidenti qeyd etdi ki, 2020-ci il də sosial-siyasi islahatlar ili olacaq. Doğrudan da hər kəsə bəllidir ki, bu günə qədər həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədir ki, bu da islahatların davamlılığını zəruri edir. Ona görə də cari ildə də islahatlar tendensiyanın davam etdiriləcəyinin şahidi olacağıq”.
Millət vəkilinin sözlərinə görə, videokonfrans-müşavirədə dövlət başçısının toxunduğu ən mühüm məsələlərdən biri də belə mürəkkəb şəraitdə koronavirus pandemiyasından da sui-istifadə etmək istəyən marginal radikal qrupların antimilli fəaliyyətlərinin ifşası ilə bağlı oldu:
“Haqlı olaraq belə radikal qruplaşmaların hakimiyyətə deyil, dövlətimizə və millətimizə qarşı müxalifətdə olduqlarını bildirdi. Doğrudan da dünyanın heç bir yerində öz xalqının ən çətin vaxtlarında belə onun maraqlarına zərbə vuracaq müxalifət yoxdur. Bunu edənlər xalqın düşmənləridir. Ancaq buna baxmayaraq Azərbaycan xalqı milli birlik və həmrəylik nümayiş etdirərək öz prezidenti ilə birgə hərəkət etməklə bütün dünyanı təhdid edən koronavirus təhlükəsi və onun gətirdiyi iqtisadi və maddi çətinliklərinin də öhdəsindən layiqincə gəlməyi bacaracaq”.