20 Aprel 2020 13:11
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həyata keçirilən sosial siyasət paketi sosial dövlət davranışından daha çox Azərbaycan Prezidentinin öz vətəndaşlarına münasibəti kimi qiymətləndirilir. Çünki dünyada heç bir sosial dövlətin bənzər davranışına rast gəlinmir.

Bunu Teleqraf.com-a açqılamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, görülən tədbirlər də dövlətin sosial öhdəçiliyi çərçivəsini çoxdan aşıb:

“Bu yalnız Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşının yanında olma iradəsinin nəticəsi kimi izah edilə bilər. Sosial özünütəcridin iqtisadi fəallığı məhdudlaşdırdığı, regional və qlobal müstəvidə idxal-ixrac münasibətlərini minimum həddə endiyi, əmək qüvvələrini istehsal münasibətlərinə cəlbetmənin mümkün olmadığı bir vaxta hər bir vətəndaşın problemini həll etmək əzmi sadəcə olaraq, fədakarlıq və hər bir vətəndaşın prezidenti olmaq siyasətinin nəticəsidir. Ancaq bu məsələnin yalnız bir tərəfidir. Əgər dövlətin iqtisadi-maliyyə imkanları arzu edilən sosial siyasəti icra etməyə qadir deyilsə, o zaman yenə effektiv sosial siyasət həyata keçirmək mümkün olmaz”.

H.Babaoğlunun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən uzunmüddətli məqsədyönlü siyasət bu gün dövlətimizi iqtisadi-siyasi baxımdan elə güclü edib ki, istənilən böyük həcmli sosial yardım paketini həyata keçirə bilir:

“Bununla yanaşı postpandemiya mərhələsi üçün iqtisadi canlanma yaradacaq qərarlar da indidən qəbul edilir. Paralel olaraq koronavirus təhdidini minimuma endirmək üçün sırf tibbi müstəvidə bütün zəruri addımlar atılır, səhiyyə xidmətləri təmin edilir, bu sahədə çalışan vətəndaşlarımızın əmək haqları 3-5 dəfə artırılır.

Qeyd etmək yerinə düşər ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Bunlar yalnız ümumi sosial tədbirlərin bir hissəsidir. Əlavə olaraq Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək, eyni zamanda növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq.

Alınan tədbirlərlə yanaşı, qərarların icra olunması mexanizmi də oladuqca vacibdir ki, hazırda müvafiq icra orqanı tərəfindən bu proses olduqca uğurla həyata keçirilir. Ona görə də əminliklə deyə bilərik ki, hazırkı tarixi mərhələdə dövlət himayəsi sosial həmrəyliyi və xalq-iqtidar birliyini keyfiyyətcə yeni səviyyəyə qaldırır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər