“Mövcud vəziyyət bunun üçün əlverişli deyil. Məlumdur ki, bu dəqiqə dünyada 12 dəfə Oskar mükafatına layiq görülə bilən pandemiya ssenarisi həyata keçirilir. Dünya dövlətləri də başa düşür ki, bunun arxasında hansı güclər durur. Artıq ABŞ-da həbslər başlayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məlumatına görə, Amerika və dünyanən ayrı-ayrı ölkələri üzrə 125 minə qədər insan həbs olunmalıdır. Burada uşaq oğurluğundan söhbət gedir”.
Politoloq Cümşüd Nuriyev belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Rus mediasında Rusiyanın Dağıstan və Çeçenistandakı hərbi qüvvələrinin sayını artırması barədə məlumatlar yayılır. Bölgədəki bu gəlişməni nə ilə əlaqələndirmək olar?
- Çeçenistanda indiki vəziyyətdə müharibənin olacağına inanmıram, çünki Ramzan Kadırov Putini kifayət qədər dəstəkləyən bir respublika başçısıdır. Həm də çeçenlər əvvəlki müharibədən kifayət qədər dərs götürüblər. Dağıstanda vəziyyət bir qədər qarışıqdır. Məlumdur ki, Dağıstan Rusiyanın tərkibində 60-dan çox millətin yaşadığı yeganə muxtar respublikadır və burada daima qarşıdurma olub. İndi bölgədə koronavirusla bağlı ciddi problem yaranıb.
Çeçenistan və İnquşetiyada olan islamçıların Dağıstana sızması məsələsi gündəmə gəlib. Məlumdur ki, bu Rusiya üçün çox ciddi problemdir. Rusiya heç vaxt Qafqazın əldən çıxması ilə razılaşa bilməz. Rusiyada baş qaldırmağa başlayan müxalifətçilər bundan yararlanmasın deyə, belə addımlar ata bilərlər. Federasiyada ən ciddi etiraz ocaqlarından biri Dağıstan sayılır. Düzdür, məsələni bir qədər şişirdirlər, amma fəallıq var. Rusiyanın cənub sərhədlərində, xüsusən də Qafqazda rus təhlükəsizlik və digər güc orqanları kifayət qədər fəallaşıblar. Amma bu o demək deyil ki, Rusiya ora ordu yeridib, bura dövlətin öz ərazisidir.
Digər yandan, bölgəyə əlavə qüvvələrin göndərilməsi məsələsi dəqiqləşməyib. Bəzən bu kimi dezinformasiyalarla diqqəti ayrı yerə yönəldirlər, nəzərə almaq lazımdır ki, Rusiya kifayət qədər peşəkar dövlətdir. Amma Rusiyada onlayn mitinqlər məsələsi gündəmdədir. Bəlkə də Rusiya dövləti öz gücünü Dağıstanda göstərəcək ki, digərlərinə dərs olsun. Bu gözləniləndir, amma bütün hallarda Rusiyada gərginlik var və may ayında pik həddinə çata bilər. Bu, qaçılmazdır.
- Bəs Ukraynanın işğal edilmiş Krım bölgəsində dislokasiya edilmiş rus hərbi qüvvələrinin bir hissəsinin Abxaziya və Cənubi Osetiyaya göndərməsi nəyə hesablanıb, bu addımın bölgə dövlətlərinə - Azərbaycan, Gürcüstan və Ermənistana hesablanmış tərəfləri ola bilərmi?
- Rusiya Dövlət Dumasında bir qanun qəbul etdilər. Həmin qanuna görə, Rusiya vətəndaşlığı istənilən ölkənin vətəndaşlarına açıqdır. Azərbaycandan da kifayət qədər insan Rusiya vətəndaşlığı aldı. Hətta onlar şərt qoymuşdular ki, Sovet dönəmində orta məktəbi qurtaranlar Rusiya vətəndaşlığına qəbul edilə bilər. Hətta səkkizinci sinfi oxuyan belə, attestatla Rusiya vətəndaşlığı aldı. Onlar məsələni beynəlxalq hüquqla həll etmək istəyirlər. Beynəlxalq hüquqa görə, hansısa ölkənin vətəndaşları başqa bir ölkənin ərazisində təhdid və ölüm təhlükəsinə məruz qalanda, həmin dövlətin ixtiyarı var ki, o ölkənin ərazilərinə girib vətəndaşlarını çıxarsın, təhlükəsizliyini təmin etsin. İndi Abxaziya və Cənubi Osetiyada yaşayanların əksəriyyəti Rusiya vətəndaşıdır. Krımda da vəziyyət bu cürdür.
Hesab edirəm ki, Krımdan bu bölgəyə göndərilənlər daha çox ukraynalılardır. Ukrayna millətinə mənsub olanlar və digərləridir, onların içində rusların sayı azdır. Bəlkə də Ukrayna ilə bağlı hazırlanmış bir təxribatdır ki, burada ələ keçsələr, onların hamısı ukrain kimi təqdim olunacaq. Hər şey ola bilər. Dediyim kimi, hazırda Rusiyanın təhlükəsizlik orqanları yüksək səviyyədə və peşəkar işləyirlər. Əlbəttə, Abxaziya və Cənubi Osetiya ilə bağlı Rusiyanın öz maraqları var, bu, Gürcüstanla bağlıdır. Bu müddət ərzində Cənubi Osetiya və Şimali Osetiyanı birləşdirmədilər. Çünki bu, beynəlxalq hüquqa ziddir.
Qənaətimə görə, Gürcüstan tərəfdən hansısa problem olsa, Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi üçün referendum keçirə bilərlər. Yəni Krım ssenarisinin təkrarlanması mümkündür. Bununla Rusiya avtomatik olaraq, gəlib Tiflisin 80 kilometrliyində otura bilər. Bunun üçün Rusiyanın heç bir problemi yoxdur.
- Ukraynadan söz düşmüşkən, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna baş nazirinin müavini postuna təklif edilməsi niyə kəskin etirazla qarşılandı?
- Bilirsiniz ki, Rusiya-Ukrayna münasibətləri çox gərgindir. Saakaşvili də anti-Rusiya mövqeyi olan bir siyasətçidir, həm də Qərbin adamıdır. Digər yandan, korrupsiyaya qarşı mübarizədə müsbət bir imici var, korrupsiyanı qəbul etməyən şəxsdir. Odessada qubernator olarkən, bu özünü bir daha göstərdi. Saakaşvili artıq beş ildən çoxdur Ukrayna vətəndaşıdır. Zelenski isə siyasətdə təcrübəsiz bir adamdır. O, seçiləndə demişdim ki, Zelenski Ukraynanın faciəsidir, bu ölkənin başdaşı olacaq. İndiki baş nazir onu yarıtmadı. Saakaşvilini də baş nazirin müavini gətirməklə onu baş nazir postuna hazırlayır.
Eyni zamanda, Saakaşvilinin daxili işlər naziri Arsen Avakovla qarşıdurması var. Bu baxımdan, Zelenski Saakaşvilidən Avakovu zərərsizləşdirmək üçün istifadə edəcək. Zelenskinin Avakova gücü çatmır və ondan qorxur, bu birmənalıdır. Amma mən inanmıram ki, ətrafında kifayət qədər oliqarx şəbəkəsi olan və dərinə kök atan Avakova gücü çatsın. Saakaşvili baş nazirin müavini gəlsə belə, Ukraynanın uçuruma yuvarlanacağı məsələsinin 70 faizi həll olunub. Bir balaca külək lazımdır ki, Ukrayna bu uçurumdan tamam yıxılsın. Ölkə iqtisadi iflas ərəfəsindədir. Bütün sahələr bərbad vəziyyətdədir, Ukrayna çökür.
- Bəs Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ açıqlaması hansı səbəbdən Ermənistanda narahatlıq yaratdı, burada İrəvanı çəkindirən faktor nədir?
- Əslində ortada heç bir qorxu görmürəm, ermənilər yenə də bundan vaxtı öz xeyirlərinə uzatmaq üçün istifadə edirlər. Yalandan məlumat yayırlar ki, guya Lavrov Qarabağətrafı rayonların Azərbaycana qaytarılması məsələsini gündəmə gətirir. Bunun hamısı Ermənistanın daxili publikasına hesablanmış addımlardır. Bu məsələni əsasən, Paşinyanın əleyhdarları gündəmə gətirir, müxalifət də bir söz axtarıb tapmalıdır ki, iqtidarı ittiham edə bilsin. Əslində Lavrovun bu çıxışı düz çıxış deyildi. Birincisi, Lavrov ATƏT-in Minsl qrupunun üzvü olan bir ölkənin xarici işlər naziridir. İkincisi də, hamımız bilirik ki, onun milliyyəti ermənidir. Yəni Lavrovun Ermənistanın xarici işlər naziri statusunda çıxış etməsi yolverilməzdir. Lavrovun çıxışının heç bir əhəmiyyəti olmadı, bundan sonra Mnatsakanyan kəskin şəkildə rayonların qaytarılmayacağını dedi.
Əslində Lavrovun çıxışı, Azərbaycana bir mesaj idi ki, niyə tərpənmirsiniz? Əlbəttə, onların da, Ermənistanla bağlı problemləri var. Amma Azərbaycan tərpənəndə, bizə hansı zərbənin vurulacağı məsələsini araşdırmaq lazımdır ki, bu indi nə dərəcədə Azərbaycana lazımdır. Çünki Rusiyanın uzağa gedən maraqları var, SSRİ-nin bərpa olunması gündəmdədir. Bu baxımdan, Azərbaycanın yenidən işğal olunması məsələsi gündəmə gələ bilər. Bir az soyuq başla fikirləşmək lazımdır. Əlbəttə, hamımız istəyirik ki, Qarabağ azad olunsun. Torpaqlar artıq itkisiz qaytarılmalıdır. Növbəti müharibə vəziyyəti daha da gərginləşdirə bilər, buna görə də siyasi situasiyanı düzgün qiymətləndirmək lazımdır.
Sözün açığı, dünya Qarabağ məsələsinə çox biganə yanaşır. 2016-cı ildə bu məsələnin həlli üçün şans yaranmışdı, amma bu gün də gec deyil. Ölçülü-biçili addım atmaq olar. Yəni Lavrovun bu açıqlamasının Azərbaycanı qıcıqlandırmaq və təxribata çəkmək üçün olmadığı bəlli deyil. Onun həddindən artıq hiyləgər diplomat və erməni olduğunu yaddan çıxarmamalıyıq. Erməni heç vaxt bizi sevə bilməz, yenə deyirəm, bunun arxasında hiyləgər bir siyasət var və bu, Azərbaycanı yenidən tora salmağa hesablanıb. Biz buna gedə bilmərik.
- Yəni mövcud geosiyasi situasiya Azərbaycan ordusunun hərəkətə keçməsi üçün uyğun deyil...
- Mövcud vəziyyət bunun üçün əlverişli deyil. Məlumdur ki, bu dəqiqə dünyada 12 dəfə Oskar mükafatına layiq görülə bilən pandemiya ssenarisi həyata keçirilir. Dünya dövlətləri də başa düşür ki, bunun arxasında hansı güclər durur. Artıq ABŞ-da həbslər başlayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məlumatına görə, Amerika və dünyanən ayrı-ayrı ölkələri üzrə 125 minə qədər insan həbs olunmalıdır. Burada uşaq oğurluğundan söhbət gedir. Həmin uşaqlardan ölümsüz insan növləri yaratmaq istəyirlər. Amerikanın yaydığı bu məlumatın nə qədər doğru olduğuna zəmanət verə bilmərəm, amma bu məsələ gündəmdə var. Ola bilsin ki, bu Trampın yenidən seçilməsi üçün qurduğu ssenaridir, yəni hər şey ola bilər.
Bəlkə də Azərbaycan Qarabağ məsələsinə görə onların siyahısında dörd, ya beşinci yerdədir. Amma biz ilk addımı atsaq, təxribata getsək, bizi ittiham edəcəklər. Başqa sözlə, bu addım üçün beynəlxalq situasiya əlverişli deyil.