Pandemiya yeni reallıqlar ortaya qoydu. Dünyanın mənzərəsini dəyişdi. Amma bütövlükdə mən “yeni bir dünya düzəni formalaşmaqdadır” kimi bir mövqe ilə razı deyiləm. Təbii ki, dövlətlərarası münasibətlərdə yeni bir tendensiyalar yarana bilər. Amma bu sadəcə mövcud tendensiyaların dərinləşdirilməsi kimi qiymətləndirilsə, daha doğru olardı.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu bildirib.
O qeyd edib ki, bir çox insanlar dünyanın dəyişəcəyinə dair fikirlər səsləndirirlər, amma dünyanın necə dəyişəcəyi, bu mənzərənin nədən ibarət olacağını təsvir etmək çətindir:
“Çünki bu gün istənilən mövqe mülahizələrə söykənir. Sadəcə olaraq, bu günün reallıqlarından çıxış edərək, sabahkı mənzərə haqqında müəyyən təsəvvürlər formalaşdırmaq mümkündür. Mən hesab edirəm ki, koronavirus pandemiyasının meydana çıxması sadəcə, mövcud tendensiyaları dərinləşdirdi. Yeni bir reallıq ortaya qoymadı.
Bu hansı tendensiya idi? Bunu bir neçə nümunə əsasında izah etmək mümkündür. Məsələn, bəllidir ki, dünyada qloballaşmaya münasibət birmənalı deyildi. Dünya ölkələri və xalqları qloballaşmanı birmənalı olaraq müsbət qiymətləndirmirdilər və anti-qlobal hərəkatlar getdikcə daha çox genişlənməkdə idi. Ümumiyyətlə, koronavirus göstərdi ki, qloballaşma heç də dünyaya təlqin olunduğu kimi təkcə müsbət məqamlarla zəngin deyil. Məsələn, dövlətlərarsı münasibətlərdə bu özünü aydın şəkildə göstərdi.
Hesab edirəm ki, koronavirusun dərinləşdirəcəyi əsas tendensiya ondan ibarət olacaq ki, dövlətlər proteksionizmə üstünlük verəcəklər. Yəni, özlərinə daha çox güvənməyə başlayacaqlar. Qloballaşma isə sərhədlərin götürülməsini, dövlətlərin qarşılıqlı asılılığının müsbət tərəflərini təlqin edirdi. Təbii ki, bu istiqamətdə də dövlətərin praktiki addımlar atmasını şərtləndirirdi. Ancaq pandemiya göstərdi ki, heç də dövlətlərin qarşılıqlı asılılığı böhran vəziyyətlərində onları effektiv xilas edə bilmir”.
Elşad Mirbəşiroğlunun sözlərinə görə, məsələnin digər tərəfi ondan ibarətdir ki, dünyanın ayrı-ayrı dövlətləri pandemiyayadək özlərinin lider statusunu təqdim və ya təsdiq etmək istəyirdilər:
“Konkret olaraq ABŞ-ı qeyd etmək olar. Mən hesab edirəm ki, ABŞ-ın qlobal liderlik konsepsiyası iflasa uğradı. Bunun ABŞ üçün bir müsbət məqamını qeyd etmək istəyirəm. Belə ki, ABŞ özünün qlobal liderlik konsepsiyasını hazırlayıb ortaya qoyanda və onu həyata keçirməyə çalışanda çox güman ki, belə qlobal böhranın baş verəcəyini düşünmürdü. Əgər ABŞ özünü qlobal lider kimi təsdiq etmiş olsaydı, bu günkü vəziyyətə görə məsuliyyət yükünü təbii ki, öz üzərinə götürməli olacaqdı. ABŞ-ın qlobal liderliyinin təsdiq olunmaması bir növ onun vəziyyətini yüngülləşdirmiş oldu”.
Deputatın sözlərinə görə, məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, pandemiya dövlətləri bir növ sınaqdan keçirmiş oldu və kriteriyalar müəyyənləşdirdi:
“Təkcə dövlətlərin iqtisadi gücünün deyil, həm də böhran idarəçiliyini necə həyata keçirməsinin olduqca vacib məqam olduğu həqiqəti ortaya qoyuldu. Bu günədək biz düşünürdük ki, dövətlərin hərbi qüdrəti, yaxud müharibələr dövlətlərin gücünü müəyyənləşdirən amil rolunda çıxış edir. Dünya tarixində çoxsaylı təcrübələr var ki, bir dövlət digər dövlətlə kiçik bir müharibə aparmaqla onun gücünü yoxlayır. Amma pandemiya belə bir reallıq ortaya qoydu ki, dövlətlərin gücünü və ya potensialını yoxlamaq üçün heç də hərbi güc tətbiqinə, yaxud müharibə aparılmasına ehtiyac yoxdur. Koronavirus dövlətlərin gücünü artıq yeni kriteriyalarla müəyyənləşdirmiş oldu. Mən hesab edirəm ki, pandemiyadan kim daha uğurla çıxa biləcəksə, elə beynəlxalq münasibətlər sistemində də o dövlətlərin rolu üstün olacaq. Yenə deyirəm, bu yeni trend deyil. Beynəlxalq münasibətlər sistemində yeni bir istiqamət və ya reallıq kimi nəzərdən keçirilməməlidir. Onsuz da klassik müharibələr öz əhəmiyyətini itirməkdə idi və dünya ölkələrinin böyük əksəriyyəti klassik müharibəyə çox da önəm vermirdilər. Koronavirus bu tendensiyanı, yaxud bu istiqamətdəki ehtimalları çox gücləndirdi. Hesab edirəm ki, dövlətlər bundan sonra münasibətlərini qurarkən əsasən özlərinin hərbi güclərinə istinad etməyəcəklər. İdarəetmə sistemi çevik olan dövlətlər də müvafiq olaraq beynəlxalq münasibətlər sistemində daha səmərəli fəaliyyət göstərə, öz mövqelərini daha da gücləndirə biləcəklər”.