4 May 2020 12:25
2 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin dünyada və beynəlxalq münasibətlərdə mütərəqqi rol oynadığını görmürəm. Çin çox eqoist və xüdbin xarici siyasət xətti yürüdür. Daxildə də totalitar idarəçilik sistemini əsas tutaraq milli azlıqlara, o cümlədən uyğur xalqına qarşı assimilyasiya siyasəti aparır. Üstəlik Çin bəyan edir ki, dünyanı hərbi yolla deyil, iqtisadi metodlarla tam nəzarətə almaq niyyətindədir. Yəni Çin dünyanı iqtisadi metodlarla fəth etmək tezisini qarşısına qoyan və bunu açıq elan edən yeganə dövlətdir.

Bu fikirləri Teleqraf.com-a politoloq Qabil Hüseynli pandemiyadan sonra Çinin hansı təzyiqlərlə üzləşəcə biləcəyi barədə suala cavabında deyib.

Onun fikrincə, belə ambisiyalı iddialar bəzən Çinin xarici siyasətində aqressiv xəttin müdafiə etməsinə gətirib çıxarır:

“Düşünmürəm ki, Çin indiyə qədər əldə etdiyi inkişaf nailiyyətlərini təkrarlayacaq. İndiyə qədər əldə edilən inkişaf bəzi Qərb dövlətlərinin, xüsusilə ABŞ-ın ən müasir texnoloji şirkətlərini Çinə göndərməsi ilə əlaqəli idi. Yəni ucuz işçi qüvvəsi və az maaşa şirniklənən böyük Qərb şirkətləri burada öz filiallarını açıblar və beləcə Çinin yüksək texnoloji nailiyyətlərə çatmasına dəstək olublar. Təsəvvür edin ki, bu gün Türkiyənin ən böyük inşaat malları istehsal edən şirkətləri belə öz mallarını Çində istehsal edirlər. İndi artıq bu dövrə son qoyulur. ABŞ demək olar ki, bütün şirkətlərini Çindən çıxarır. Avropa ölkələri də tədricən Çindən çıxır. Düzdür, sürətini çıxarmaq, koplyalama, elmi-texnikanın inkişafını təmin etməklə Çin inkişafını təmin edə bilib və bundan sonra da təmin etməyə çalışacaq. Amma dünya rəqabət meydanıdır. Böyük dövlətlər Çinin ambisiyalarını yaxşı başa düşür və bilirlər ki, bu, onlar üçün təhlükəlidir”.

Politoloq əlavə edib ki, indi Qərb ölkələri Çinin ambisiyalarını boğmağa çalışacaq:

“Artıq bunun əlamətləri hiss edilir. Pandemiya ilə bağlı olaraq Çinə qarşı 2-3 tirlyon dollar arasında təzminat davasının açılması gözlənilir. Habelə Çinin Ümumdünya Ticarət Təşkilatından çıxarılması planlaşdırılıb. Bir sözlə, Çinə qarşı iqtisadi və siyasi tədbirlərin görülməsi nəzərdə tutulur. Həm də Çinin Atlantik okeanına yaxın olan Sarı, Çin dənizlərində süni adalar yaradaraq ona bayrağını sancmasını ekspansiya siyasəti kimi qəbul edən dövlətlər var. Sözsüz ki, Atlantik okenında ABŞ və Çin hərbi rəqabəti də güclənir. ABŞ Yaponiya, Cənubi Koreya ilə birlikdə çox ciddi tədbirlər görməkdədir. Zənnimcə, Çinin xəstə ambisiyalarını səngidə biləcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər