Azərbaycan Prezidenti İlham Əliyevə qlobal COVID-19 problemi ilə əlaqədar Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirmək təşəbbüsünə görə təşəkkür edirəm.
Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündəkı çıxışında deyib.
O bildirib ki, dünyanı bürüyən koronavirusla mübarizədə bütün dövlətlər səylərini birləşdirməli, qarşılıqlı əməkdaşlıq etməlidirlər. İran bəşəriyyəti təhlükə altına alan koronavirus bəlası ilə mübarizə aparmaq üçün bütün dövlətlərlə əməkdaşlıq etməyə və təcrübə mübadiləsi aparmağa hazırdır.
H.Ruhani onu da nəzərə çatdırıb ki, müxtəlif ölkələrin tibbi ləvazimatlara və preparatlara olan ehtiyacı ödənilməlidir. Prezidentin sözlərinə görə, İran ağır iqtisadi sanksiyalara məruz qalsa da, virusa qarşı uğurla mübarizə aparır və artıq müsbət nəticələr də əldə olunub.