Son günlər icra başçılarının həbs olunması ölkə gündəminin əsas müzakirəsinə çevrilib. Korrupsiyaya qarşı mübarizənin başında ölkə Prezidenti İlham Əliyev dayanıb. Baş verən hadisələrdən tək icra başçıları deyil, bəzi nazirlər və məmurlar da nəticə çıxarmalıdır.
Teleqraf.com-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı belə deyib.
Partiya rəsmisi bildirib ki, bəzi yüksək çinli məmurların rüşvətxorluğa görə cinayət məsuliyyətinə cəlb olunması cəmiyyət tərəfindən birmənalı təqdir edilir:
“Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörməti Əli Nağıyev bu mübarizəni yüksək peşəkarlıqla həyata keçirir. Bu işdə əməyi olan hər bir məsul şəxsə təşəkkürümüzü bildiririk. Bu cür həbslərlə paralel cinayətkarlığı doğuran səbəb və şərait ciddi təhlil olunmalı, qanunvericilik təkmilləşdirilməli, institutional islahatlar həyata keçirilməlidir”.
Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün Azərbaycanda fəaliyyət göstərən 80 icra başçısının böyük əksəriyyəti sosial şəbəkələrdən istifadə etmir:
“Hər kəsə bəllidir ki, bu gün sosisal şəbəkə dünyanın fenomeninə, insanların həyat tərzinə çevrilib. Azərbaycanda əhalinin 90% internet istifadəçisidir. Təkcə 4 milyondan artıq şəxs Feysbukdan istifadə edir. İnstaqram, Tvitter və s. şəbəkəni də nəzərə alsaq, milyonların burada olduğunun şahidi olarıq. Biz ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəsmi Feysbuk səhiflərində hər gün xalqa müraciətlərini, fəaliyyətlərini görürük. On minlərlə şəxs onların Feysbuk səhifələrində rəylər yazırlar, fikirlərini bildirirlər, mövcud problemlərdən yazırlar.
Ölkənin spikeri hörmətli Sahibə xanım Qafarovanın da Feysbuk profili fəaliyyət göstərir və uzun illərdir sosial şəbəkədə dostluğumuz da mövcuddur. Spikerin Milli Məclisin fəaliyyəti haqqında paylaşımlarının şahidi oluruq. İqtisadi İnkişaf naziri hörmətli Mikayıl Cabbarovun rəsmi Feysbuk səhifəsi var. Prezident Adminstasiyasın rəhbəri hörmətli Samir Nuriyevin də. Habelə bir sıra nazirliklərin, Milli Məclisin deputatlarının, partiya, QHT sədrlərinin, mətbuat rəhbərlərinin hər birinin sosial şəbəkə hesabının olduğunun şahidi oluruq. Hər gün bu şəxslərin fəaliyyəti ilə bağlı milyonlara insan məlumat əldə edir. Bəs, niyə Azərbaycanda mövcud olan 80 icra başçısının rəsmi Feysbuk səhifəsi yoxdur? Onlar hansı səbəbdən milyonlarla insanın olduğu şəbəkədən istifadə etmirlər? Kim onlara qadağa qoyub? Yoxsa, bu özlərinin seçimidir? Bu icra başçıları kimdən gizlənirlər? Hansı səbəbdən bu günə qədər bu icra başçıları öz rayonlarında yaşayan rayon sakinlərinin sosial şəbəkələrdəki fəaliyyətindən xəbər tutmurlar?”
Partiya rəsmisi bəzi istisnaların olduğunu da bildirib:
“Təbii ki, söhbət barmaqla sayılacaq icra başçılarından getmir. Abşeron, Binəqədi, Şəmkir, Gədəbəy rayonlarının icra başılarından başqa, yerdə qalan icra başçıları sosial şəbəkədən istifadə etmirlər. Biz onları görmürük”.
Niyaməddin Orduxanlı qeyd edib ki, icra başçıları xalqla yaxından təmasda olmalıdır:
“Gizlənməməli, çəkinməməlidirlər. İmkan verməlidirlər ki, ən azından internet üzərindən vətəndaş ona müraciətini edə bilsin. İnsanlarla canlı şəkildə ünsiyyət qurmaqdan qorxmamalıdırlar. Ancaq biz nəyin şahidi oluruq? Prezident İlham Əliyev hansı icra başçısını işindən azad edəndən bir neçə gün sonra həmin o icra başçıları Feysbukda öz adları ilə, şəkilləri ilə profil açırlar və hər kəsə dostluq göndərirlər. Sonra da başlayırlar özlərini “qəhrəman” kimi aparmağa. Bütün bunlar kənardan çox gülünc görünür. Bu adamlar işlərini itirdikdən sonra olurlar “xalqın qayğısına qalanlar”.