Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsi ilə bağlı bu ölkənin mediasında yayılan məlumatlar, düşünürəm ki, ermənilərin faşistlərlə eyni ideologiyanı paylaşdıqları barədə məlumatlı olan kimsəni təəccübləndirməyib.
Bunu Teleqraf.com-a açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, əslində erməni nasizminin tarixi alman nasizmindən daha qədimdir:
“XX əsrin əvvəllərində erməni Qriqoryan kilsəsinin, Daşnaksütyun kimi millətçi təşkilatların və onların ideoloji təsiri altında olan cinayətkar hərbi qruplaşmaların Azərbaycanda, Türkiyədə, Türküstanda, indiki İran ərazisində həyata keçirdikləri insanlıq əleyhinə cinayətlər erməni nasizminin alman nasizmindən heç də az təhlükəli olmadığını sübuta yetirir. Faşist Almaniyasının əsir düşərgələrində günahsız insanlara qarşı həyata keçirilən cinayətlərin üslubu ilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər arasında xüsusi müqayisə aparmağa da, qənaətimə görə, ehtiyac yoxdur. Təkcə Xocalıda gerçəkləşdirilən qətliamlar, günahsız insanların – körpələrin, qadınların, yaşlıların xüsusi amansızlıqla qətlə yetirilməsi erməni nasizminin vəhşi, insanlıqdan uzaq qanlı simasını ortaya qoyur”.
Elçin Mirzəbəyli qeyd edib ki, bəlkə də araşdırılsa, Ermənistana ayrı-ayrı dövrlərdə rəhbərlik edən, yaxud bu ölkənin siyasi elitasında təmsil olunan şəxslərin böyük əksəriyyətinin babalarının İkinci Dünya müharibəsində faşistlərlə əməkdaşlıq etdiyi və ya terrorçu olduğu faktları da üzə çıxar:
“Nikol Paşinyanın onunla eyni adın daşıyıcısı olan babası ilə bağlı faktı da erməni mətbuatı aşkara çıxarıb. Faktın təkzib edilməsi məqsədi ilə göstərilən cəhdlər iflasa uğrayıb. Əslində İrəvanda faşist ideologiyasının daşıyıcısı və təbliğatçısı, qaniçən cəllad Qaregin Njdeyə abidə ucaldılması və buna qarşı Ermənistanda hər hansı etirazın baş verməməsi, bütövlükdə erməni cəmiyyətində faşizmə olan sevginin göstəricisi kimi də dəyərləndirilə bilər”.
Politoloq deyib ki, Prezident İlham Əliyevin 2019-cu ilin oktyabrın 11-də Aşqabad şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı açıqladığı təkzibolunmaz faktlar, işğalçı ölkə rəhbərinin bu faktlar qarşısında aciz qalması daha bir həqiqətin aşkara çıxmasına zəmin yaradıb:
“İndi Ermənistanın siyasi rəhbərlərinin, o cümlədən Nikol Paşinyanın faşistlərə olan sevgisinin mənbəyini axtarmağa da ehtiyac qalmır. Adamlar öz faşist babalarına Qaregin Njdenin timsalında abidə ucaldıblar. Təəccüblənməyə dəyməz”.