18 May 2020 17:11
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın rayonunun işğalı daxili qarışıqlıqla, o zamankı iqtidarın kifayət qədər səriştəli olmaması və ümumiyyətlə, ölkəmizin həmin dövrdə Ermənistanla müharibəyə tam hazır olmaması ilə bağlı idi. Ermənilər Laçını belə demək mümkündürsə, ciddi müqavimət olmadan, müəyyən adamların xəyanəti üzündən qəsb etdilər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun o zaman formalaşmaqda olduğunu, könüllü dəstələrin fədakarlıqla vuruşduğunu nəzərə alaraq demək lazımdır ki, mərkəz – Bakı Laçınla əlaqələri sahmanda saxlamadı:

“Laçınlılar torpaqları uğrunda fədakarlıqla vuruşdular. Bunu açıq demək lazımdır, mərkəzdən kömək gəlmədiyi, orada olan Milli Ordunun bəzi dəstələri isə yayılmış müxtəlif xəbərlərin təsiri altında panikaya düşdüyü üçün geri çəkildilər və demək olar ki, Laçın rayonu asanlıqla işğal olundu. Ermənilər bütövlükdə Laçın rayonunu, o cümlədən rayonun inzibati mərkəzi olan Laçın şəhərini, Qayğı qəsəbəsini və 125 kəndi işğal ediblər. Laçının işğalı ilə əsas strateji nəqliyyat yolu – Laçın dəhlizi ermənilər tərəfindən ələ keçirilmiş oldu. Bu, strateji bir yol idi. Çünki ermənilər uzun müddət idi ki, bu yolu ələ keçirməklə qondarma “DQR”in mərkəzi Xankəndi şəhəri ilə Ermənistan arasında şosse əlaqəsi əldə etməyə can atırdılar. Onlar buna yalnız Laçının işğalı yolu ilə nail oldular. Laçının işğalı, habelə Laçın dəhlizinin ələ keçirilməsi Dağlıq Qarabağ müharibəsində uğursuzluqlarımızın başlanğıcını qoydu. Sonra isə bu uğursuzluq 1993-cü ildə Kəlbəcər rayonunun işğalı ilə davam etdirildi”.

Politoloq bildirib ki, Laçının işğalı Azərbaycan üçün böyük itkidir:

“Eyni zamanda bu itki Ermənistanla müharibədə bizim üçün çox böyük uğursuzluq mənbəyi, ermənilər üçün isə strateji əhəmiyyətə malik olan bir ərazinin ələ keçirilməsi idi”.

Laçın rayonunun və Laçın dəhlizinin Ermənistanla aparılan danışıqlar prosesində oynadığı rola gəldikdə isə Qabil Hüseynli bildirib ki, uzun müddətdir Laçın dəhlizinin statusu üstündə danışıqlar gedir:

“Azərbaycan tərəfi Laçın dəhlizinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində Ermənistan tərəfinə 99 il müddətinə icarəyə verilməsinə hazır olduğunu bildirib. Bu icarənin şərtləri müəyyən edilməlidir. Ermənilər bu şərtə razı olmurlar. Onlar Laçın dəhlizinin tamamilə ələ keçirilməsində və əvəzsiz olaraq onlara verilməsində təkid edirlər. Üstəlik onlar Laçın dəhlizi ətrafında təhlükəsizlik zonası deyilən uydurma məsələ ortaya atıblar. Ermənilər həmin təhlükəsizlik zonasının 15 kilometrlik olmasını tələb edirlər. Azərbaycan təhlükəsizlik zonasını yolun hər iki tərəfi də daxil olmaqla 5 kilometr və icarə şərtləri daxilində Ermənistana verməyə razı olub. Amma ermənilərin 15 kilometr təklifi irəli sürüldükdən sonra Azərbaycan bu təklifdən də vaz keçib. Beləliklə, Azərbaycan Laçın dəhlizini geri qaytarmaq uğrunda mübarizə aparmaq hüququnu özündə saxlayır. Azərbaycan tərəfi hesab edir ki, ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müharibə əməliyyatları başlayarsa, bu müharibə əməliyyatları Kəlbəcər rayonunun və Laçın dəhlizinin ələ keçirilməsi ilə başlamalı, qondarma “DQR”in Ermənistanla əlaqəsi tamamilə kəsilməlidir. Ermənistan tərəfinin haray-həşirinə, müxtəlif uydurmalarına baxmayaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək uğrunda qətiyyətlidir və bu məsələdə əsas strateji xətlər içərisində Laçın dəhlizinin geri qaytarılması birinci yerdə dayanır”.

Qeyd edək ki, Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 kilometrdir. 8 avqust 1930-cu ildə təşkil olunan Laçın rayonunun sahəsi 1835 km², əhalisi 79 905 nəfər idi.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər