26 May 2020 19:13
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda, ölkəmizdən kənarda yaşayan vətəndaşlarımız arasında hakim partiyanın, iqtidarın siyasətini bəyənməyən müəyyən qüvvələr var. Müxalif mövqeli insanların olması təbiidir. Amma məsələ burasındadır ki, Azərbaycanda iqtidara müxalif mövqe sərgiləyən insanların böyük bir qismi ölkə daxilindəki ictimai-siyasi prosesləri lazımınca dəyərləndirə bilmirlər.

Millət vəkili Anar Məmmədov Teleqraf.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, müxalifət cəbhəsində öz şəxsi ambisiyaları və maraqları naminə milli dəyərlərdən uzaq düşmüş bir qrup xəyanətkar şəbəkə təmsilçiləri ənənəvi qrant üslubunu dəyişərək, artıq yeni növ mənəviyyatsız siyasi mübarizə metodunun təbliğinə start veriblər:

"Təhqir, söyüş, böhtan və qara yaxmaq kimi mübarizə üsulları radikal müxalifətin əsas fəaliyyət prinsipinə çevrilib. Bu istər ölkəmizdə keçirilən seçkilər ərəfəsində, istər yüksək səviyyəli tədbirlər ərəfəsində, istərsə də dünya dövlətlərinin koronavirusla mübarizə apardığı bu günlərdə davam edir və radikal düşərgə təmsilçilərin əsl xislətini açıb ortaya qoyur".

Millət vəkili bildiribki, bu gün dağıdıcı müxalifət ənənəsinə sadiq qalaraq, bütün vasitələrdən istifadə etməklə ölkədə qarışıqlıq yaratmağa çalışır, erməni və ermənipərəst qüvvələrin təsiri altında öz fəaliyyətini davam etdirir:

“Artıq belələri üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb. Məqsəd isə birdir - onlara verilən “tapşırıqları” icra etmək, bunun müqabilində xaricdəki himayədarlarından qrantlar qoparmaq. Şübhəsiz ki, xalq artıq dağıdıcıların bu manevrlərini çoxdan başa düşüb və onların əsl niyyətlərini yaxşı bilir. İstər ABŞ-da, istər Avropada, hətta Rusiyada belə bəzi ermənipərəst dairələr yaxşı bilirlər ki, Azərbaycanda AXCP-nin sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli “beşinci kolon” rolunu oynayırlar”.

Milli Məclisin üzvü həmçinin vurğulayıb ki, vətən, torpaq, dil, din, millət kimi dəyərlər bizim hər birimiz üçün müqəddəs dəyər sayılmalıdır:

"Müqəddəs dəyərlər uğrunda çarpışmalı, onu qorumağa çalışmalıyıq. Lakin bu gün radikal müxalifət cəbhəsində "dəyər" anlayışı çox dar çərçivədə başa düşülür. Çoxları dəyərli olmağı ancaq öz ailəsinə, yaxın adamlarına söz deyilməsinə imkan verməməkdə görür. Bəzi radikal müxalifətçilər isə Azərbyacanın əleyhinə təblığat aparmağa adət kimi baxırlar".

A.Məmmədovun sözlərinə görə, torpağı işğal altında olan ölkənin müxalifətinin qüruru düşməninə əl verib görüşməyə, qucaqlaşmağa yol verilməməlidir:

"Bu hal ən azı o ölkənin torpağının qorunması uğrunda canından keçmiş şəhidlərə hörmətsizlikdir. Bu kimi hərəkətlər azərbaycanlıların adına və nüfüzuna ləkə gətirir. Lakin sadaladığım bu faktlar bizim radikallara tamamilə yaddır. Bu isə radikal müxalifət düşərgəsində müqəddəs dəyərlərin deqradasiyaya uğramasından xəbər verir. Radikal müxalifət təmsilçiləri torpaq, Vətən, millət kimi dəyərlər uğrunda çarpışmağa hazır deyil. Onların məqsədi Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq, adi cinayət hadisələrini siyasiləşdirmək, bu hadisəni törədənləri azadlıq "mücahidi" kimi təqdim etməklə ölkəmiz əleyhinə beynəlxalq təşkilatlara faktlar verməyə cəhd edirlər”.

Millət vəkilinin sölərinə görə, ABŞ Dövlət Departamenti indiyə kimi bir ç̧ox qrantlar verirdi:

"Söz azadlığına, demokratik təsisatlara pul ayırırdı. İndi isə bütün bu maliyyəni dayandırıb. Yalnız cinsi azlıqların müdafiəsi ilə məşğul olan qurumlar istisna təşkil edir. Belə olan təqdirdə isə öz anarxizmini və özbaşınalıqlarını söz azadlığı kimi qələmə verən "sapı özümüzdən olan baltalar" qəfildən əqidə bağlılığını deyil, sadəcə müəyyən qrup azlıqların müdafiəsi üçün vəkillik etmək sevdasına düşüblər. Bu formada ucuz təbliğat aparmaq isə heç bir siyasi təşkilata başucalığı gətirə bilməz".

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan xalqı 20-25 ildir ki, baş verən proseslərdən özü üçün praqmatik nəticələr çıxarıb: "Ona görə dəbunlar nə qədər özlərini müxalifət “generalları” kimi təqdim etsə, xaricdəki düşmənlərimizin təlimatları ilə Azərbaycan dövlətçiliyinin əleyhinə şər-böhtan və təhqirlər yağdıraraq ölkəmizin beynəlxalq nüfuzuna qara yaxmağa çalışsalar da, heç nəyə nail ola bilmiyəcəklər. Çünki xalqımız dağıdıcı müxalifətin milli-mənəvi, etik-əxlaqi, ideya-siyasi cəhətdən kasad “liderlərini” birmənalı şəkildə rədd edir".


Müəllif: Tapdıq Qurbanlı