“Tramp avtoritar şəxsiyyətdir, özünün müəyyən etdiyi demokratik prinsipləri də yoxdur. Trampda pula düşkünlük də var. Yəni, bir çox hallarda sırf maddi maraqlarını nəzərə alır”.
Politoloq Fərhad Mehdiyev belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- ABŞ Prezidenti Tramp rusiyalı həmkarı Putini “G7” sammiti üçün ABŞ-a dəvət edib. Əlbəttə, bu, “Yeddilik klubu”nda narazılıqla qarşılandı. Sizcə, Qərbin böyük təzyiqləri ilə üzləşən Putin okeanın o tayına gedəcəkmi?
- Rusiyanı “G8”-dən çıxardıqdan sonra Tramp Putinlə görüşmək üçün bir bəhanə axtarırdı. Əlbəttə, Rusiyanı həmin formata qaytarmayacaqlar. İndi Tramp özünün şəxsi təşəbbüsü ilə bu formatdan kənarda Putinlə görüşmək istəyir. Ev sahibi kimi onun ABŞ-da keçiriləcək bu sammitə kimi istəsə dəvət etmək hüququ var. İndi bu ona bir bəhanə yaradır ki, Putinlə görüşsün. Məncə, ABŞ prezidentinin Putinlə bu şəkildə görüşməsi, həmkarına olan simpatiyasından irəli gəlir. Yəni, reallıqda onunla hansısa bir anlaşmaya getməyəcək, Senat buna imkan verməz.
Krımın işğalından sonra ABŞ-dan Rusiyaya sanksiyalar tətbiq edildi. Bunun nəticəsində Rusiya “G8”-dən çıxarıldı, bu gün “G7” adlandırılan qrup da həmin formatdır. Tramp isə indi manevr edir, buna başqa ad verə bilmirəm. Putinlə görüşmək niyyəti xarici siyasətdə özünə bir dəstək kimi də qiymətləndirilə bilər.
Məsələn, Amerikadakı etirazlarda bir qaradərili qadın yazılı banner qaldırmışdı. Bannerdə bu şüar yazılmışdı: “Putin, ordunu Amerikaya gətir”.
Tramp göstərmək istəyir ki, guya Putindən ona dəstək var. Amma Rusiya prezidentinin Amerikaya gedeceyi sual altındadır. Məncə, Putin bu dəvəti qəbul edib Amerikaya gedən deyil.
- Bəs Trampın Putinə simpatiyasının sirri nədir?
- Tramp avtoritar şəxsiyyətdir, özünün müəyyən etdiyi demokratik prinsipləri də yoxdur. Trampda pula düşkünlük də var. Yəni, bir çox hallarda sırf maddi maraqlarını nəzərə alır. Görürsünüz ki, Amerikanın onilliklərlə apardığı missiyaları büdcəyə yük olur deyə, gündəlikdən çıxarmaq qərarı verdi. Yəni, maddi maraqları ön planda tutur, yürütdüyü siyasətini də bir çox hallarda buna yönəltməyə çalışır. Maddi maraqlarını prioritet kimi ortaya qoyur.
Məsələn, bir dəfə dedi ki, “Səudiyyə Ərəbistanı öz təhlükəsizliyi üçün bizdən çox mal almalıdır”. Bunu da açıq formada dilə gətirmişdi. Əlbəttə, bu, siyasətdə etik olmayan bir anlayışdır.
- Sizcə, Tramp noyabrda keçkiriləcək prezident seçkisində öz şanslarını qoruya biləcəkmi?
- Bu barədə proqnoz verməyə çətinlik çəkirəm. Çünki 2016-cı il seçkisində demişdim ki, Tramp seçilməyəcək. Amma seçildi. Bunun üçün Amerikanın daxili dinamikalarına baxmaq lazımdır. Qənaətimə görə, ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi ətrafında gedən son proseslər Trampın xeyirinə deyil. Hesab edirəm ki, bu olaylar Trampın daxili reytinqinə və seçici elektoratına mənfi təsir edəcək. Bunlar ona olan dəstəyi zəiflədə bilər.
- Amerika daxilində baş verənlər kortəbii şəkildə başladı, yoxsa idarə edən bir mərkəzə tabedir?
- Amerikada qaradərili insanlara qarşı diskrminasiya var, bu faktdır. Bir tərəfdən də qaradərili insanlar çox kriminaldır, bunu Amerikada yaşayıb görmüşəm. Polis onlara qarşı kifayət qədər sərtdir. Bu da ondan irəli gəlir ki, ABŞ-da yaşayan qaradərili insanlar ciddi təhsil almırlar. Təhsil səviyyələrinin aşağı olması, o insanları kriminal olmağa sövq edir. Ciddi təhsil almadıqları üçün də aşağı sektorlarda işləyirlər. Yəni, az məvaciblə işləyirlər, bunlara “ayaq işləri” də demək olar. Qaradərili insanlar Amerikada cəmiyyətin orta və yüksək təbəqələrinə inteqrasiya edə bilmirlər. Bu mühitdə də polis onlara qarşı kifayət qədər sərt davranır. Ümumiyyətlə, ABŞ-da polis sərtdir. Bu sərtlik qaradərili insanlara qarşı daha çox özünü göstərir.
Belə görüntülər də sosial şəbəkələrdə yayılanda, bu, həmişə skandala çevrilir. Ümumiyyətlə, Amerikada bu kimi hallar həmişə sosial şəbəkələr və yaxud mediaya sızdırılanda, etirazlar yaradır. Yəni, heç kim bunu susqunluqla qarşılamır. Bu dəfə isə etirazların miqyası daha böyük oldu. Ötən illər ərzində də belə hallar olmuşdu – qaradərili insanlara fiziki güc tətbiqinin etirazlara gətirib çıxardığını görmüşdük. Bu dəfə isə etirazlar küçələrə daşındı.
- Rus mediasında Putinin gedəcəyi haqda iddialar dolaşır. Hesab etmək olarmı ki, Rusiyada hakimiyyət dəyişikliyi üçün zəmin yaranıb və Putin üçün yol görünür?
- Rusiyada demokratik seçkilər olsa, Putin çoxdan getmişdi, bu qədər hakimiyyətdə qalması mümkün deyildi. Məsələ budur ki, Rusiyanın elit təbəqələri Putinin getməsi haqda qərar veriblər, yoxsa verməyiblər? Məncə, qərar verməyiblər. Putini də həmin elit təbəqələr hakimiyyətə gətiriblər. Dərin dövlət, Federal Təhlükəsizlik Bürosu və digərləri daxil olmaqla...
İndi də həmin elit zümrələr onu hakimiyyətdə saxlayırlar. Düşünmürəm ki, dünyada elə bir güc qırılması olub ki, Rusiyanın mövcud halı buna tab gətirməyəcək və bu da Putinin getməsini şərtləndirəcək. Elə bir şey olsaydı, çevriliş və yaxud başqa bir şəkildə Putinə getməsi üçün yol göstərilərdi. Amma başqa şəkildə olmayacaq.