Milli Məclisin iclasları yaxşı olardı ki, televiziyalarda yayımlansın və seçicilər canlı şəkildə burada səsləndirilən fikirləri görsünlər.
Teleqraf.com xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında deyib.
Millət vəkili əmindir ki, bu, belə davam edəcəksə, insanlar onların problemlərinin danışıldığı başqa auditoriya axtarmayacaqlar:
“Görəcəklər ki, onların problemlərindən özlərinin seçdikləri millət vəkilləri danışırlar və həmin problemlər onların seçdiyi millət vəkillərini də narahat edir. Məsələn, bugünkü iclası götürək. Burada kifayət qədər problemdən danışıldı. Görülmüş işlər barədə minnətdarlıq hissi ilə nələrsə qeyd olundu. Milli Məclisin iclasları televiziya ilə yayımlanmalıdır ki, seçicilər görsünlər. Ötən dəfə burada danışdıq ki, koronavirusla bağlı televiziyalarda yaxşı təbliğat aparılmır. Haqlı olaraq bunun belə olduğu qeyd edildi. Çox təəssüf ki, o televiziya kanallarına da çox az sayda insan baxır. İnsanlar televizorları açanda nə görürlər? Siyasi, dövlət əhəmiyyətli veriliş gedirsə, bilirlər ki, burada yalnız hökumətin təriflənməsindən danışıla bilər, hər hansı tənqidi fikirlər gedə bilməz. Onlar onsuz da görülən işləri bilirlər, ona görə də o tipli verilişləri izləmək çox da maraqlı olmur. Ona görədə ya şou proqramlara baxır, ya da kanalı dərhal dəyişirlər. Buna görə də mən hesab edirəm ki, Milli Məclisin öz televiziya kanalı olmalıdır. Qapalı iclaslar istisna olmaqla, canlı yayımlar edilməli və müxtəlif vaxtlarda təkrar nümayiş olunmalıdır. Qonşu Türkiyə və başqa ölkələrdə olduğu kimi.
Bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Dövlət qulluğu haqqında qanuna görə, dövlət qulluqçuları işə qəbul olunarkən Dövlət İmtahan Mərkəzində müsabiqə mərhələsini keçirlər, yəni imtahan verirlər, sonra isə müsahibə mərhələsi olur. Bu, başadüşüləndir, normal qarşılanır. Amma sonradan ayrı-ayrı nazirlik, mərkəzi icra orqanlarında vakansiyalar yarandıqda da eyni qayda təkrar olunur. Buna heç bir ehtiyac yoxdur, süründürməçilikdir”.