Milli Şuranın aprelin 29-da keçirilən iclasına baxanda, bir daha belə qənaətə gəlinir: “İnsan dəli olmalıdır ki, bu ölkənin idarəçiliyini onlara versin”. Hər danışıqda bir təhqir, hər hərəkətdə bir etikasızlıq. Bir psixoloji məqama fikir verdim ki, onlar vaxtilə eyni amal uğrunda bir sırada durduqlarını təhqir edirlər. Anlayıram ki, bir partiya digər partiyanın ünvanına tənqid deyə bilər. Bu, siyasət tarixində klassik ənənədir. Amma təhqir etmək başqa nəsnədən xəbər verir. Psixoloji məqam ondan ibarətdir ki, “əgər bizimlə deyilsənsə, bizdən deyilsən”. Bəs, onda oturub-durub bolşevikləri niyə tənqid edirsiz? Əgər onların əsas mübarizə üsulunu kredo seçirsinizsə, deməli Nikolayın uşaqlarına qədər güllələtdirən Lenindən bir fərqiniz yoxdur. Deməli, özünüzdə “Avrora kreyseri” filmindəki Qış sarayının məhəccərlərinə dırmaşan və kimisə öldürmək, kimisə yandırmaq hərisliyi ilə yaşayan qaragüruhun elementlərini daşıyırsız. İnsan dünənə qədər bir amal yoldaşlarına necə təhqir dolu sözlər işlədə bilər? Mustafa Hacıbəylinin mövqeyi cəbhəçilərin fikrindən fərqlənirsə və sizi tənqid edirsə, niyə buna təmkinlə yanaşılmır və “dabankeş” adı qoyulur? Dabankeşin mənası hər ayaqqabıya gedən deməkdir.
Siyasətçi üçün vacib amillərdən biri təmkinli olmaqdır. Məhz təmkin idarəçiliyin əsas sütunudur. Amma Milli Şuranın iclasları sanki bir tamaşanın məşqinə bənzəyir. Yalnız təhsilsiz gənclərin qanuni oğru məsələsindəki söhbətlərini xatırladır ki, kim şərəfsizdir, kim dabankeşdir, kim kimə araq alıb verir və s. Bu karantin günlərindəki online danışıqlar göstərir ki, müxalifət düşərgəsi son günlərini yaşayır. Hər bir danışıqda mənəm-mənəmlik, liderlik iddiası imkan vermədi ki, xalqın gözündə ucalsınlar. Təsəvvür edin, əziyyət çəkib online toplaşma edəsən, hər hansı ciddi məsələ ətrafında müzakirə aparmaq əvəzinə, hanısasa statusu müzakirəyə qoyub qarşı tərəfə təhqir yağdırasan.
Halbuki, belə söhbətlər insanlarda təəssüf hissi doğurdu. Xaricdəki müxalifət hər bir tərəfdarını özünün intelektual bazası və təmkini ilə saxlamağa , itirməməyə çalışır. Milli Şura isə hər belə toplantıda yalnız ən aşağı nisbəti nümayiş etdirir. İndi kimsə deyə bilər ki, “belə qeybətlərin də öz dinləyiciləri var”. Qaragüruh, üsyan yolu ilə ölkəni çaxnaşdırmaq istəyən təhsilsiz, tez varlanmaq istəyənlər, özlərində heç bir müqəddəslik statusu daşımayanlar, milli-mənəvi dəyərləri ayaq altına atanlar ancaq belə təhqir dolu çıxışları istəyirlər. Qaragüruh sevinir ki, Milli Şura üzvləri də onlardandır, onlardan fərqlənmir. Küçədə necə söyüş söyürlərsə, bunlar da söyür. Evdə televizorun qarşısında necə yayxanırlarsa, bunlar da dirsəklənib danışırlar. Ancaq təhsilli, intelektual, ölkəsini sevən, ağı-qaradan seçməyi bacaranlar və ən əsası özlərinə hörmət edənlər belə qeybətxanadan, küçə söyüşlərindən heç vaxt zövq ala bilməzlər. Elə ona görə də onların çiçəkli yaradıcılıq yolu öz səhifəsini bağlamaqdadır. Özləri özlərini qapadırlar.