“Daha bir qurum Ermənistan hakimiyyətini işğalçılıq və təxribatçılıqda ittiham edib. Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar”.
Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bəyanatda bu qərarın Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan verildiyi və bunun beynəlxalq hüququ pozduğu qeyd edilir:
“Bəyanatda bildirilir: “Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən əsas prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırırıq”.
Beləliklə, növbəti dəfə Ermənistanın işğal etdikləri torpaqları qanuniləşdirmək cəhdlərinə siyasi və hüquqi zərbə dəymiş oldu.
Lakin bu yetərlidir mi?
Bəs ATƏT-in Minsk qrupu niyə susur? Ermənilərə havadarlıq edən dövlətlər bilməlidirlər ki, işğala artıq son verilməlidir. Bu, Azərbaycan dövlətinin və azərbaycanlıların tələbidir. Tarix və beynəlxalq hüquq bizim tərəfimizdədir.
Yeri gəlmişkən, Azərbaycan ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb. Azərbaycan ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir”.