15 İyun 2020 16:37
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin Ermənistanın işğalçı siyasətinə qarşı qəbul etdiyi bəyanat ədalətli və çox mühüm bir sənəddir. Çox məmnunam ki, aparıcı beynəlxalq təşkilatda təmsil olunan müxtəlif qurumlar, Avropa Parlamentinin nümayəndələri öz sənədlərində beynəlxalq hüquq normalarını dəstəkləyiblər. Burada söhbət ilk növbədə beynəlxalq hüququn təməl prinsiplərinə hörmətdən gedir. Bəyanat həm də bu baxımdan olduqca önəmlidir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Asim Mollazadə bildrib.

O öz fikirlərini bununla əsaslandırıb ki, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmasa, hansısa yollarla digər ölkənin ərazisi işğal və ilhaq edilərsə, yaranmış durum dünyada ciddi geopolitik qarşıdurmalara gətirib çıxara bilər:

“Azərbaycanın ərazisi işğal altındadır. Ermənistan qeyri-qanuni olaraq ərazilərimizdə məskunlaşma siyasəti həyata keçirib. Hamı bilir ki, bu, beynəlxalq hüquq normalarının kobud surətdə pozulması deməkdir. Ona görə də bu bəyanat əslində Avropa İttifaqının hər zaman müdafiə etdiyi dəyərlərlə bağlıdır. Bir daha qeyd etmək istəyirəm ki, bəyanatda söhbət təkcə Azərbaycanın ərazi bütövlüyünə dəstəkdən getmir, bununla beynəlxalq hüquq müdafiə edilmiş olub”.

Asim Mollazadə qeyd edib ki, Avropa qurumları müasir dövrdə işğal və ilhaq siyasəti həyata keçirən bəzi ölkələrə sanksiya tətbiq etdikləri kimi Ermənistana münasibətdə də sanksiya tətbiq etməlidirlər:

“Bu sanksiyalar da məhz beynəlxalq hüququn müdafiəsi məqsədilə qəbul olunmalıdır. Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Bu qətnamələr əsasında Avropa Parlamenti vaxtilə Azərbaycan ərazilərinin işğalı və etnik təmizləmələrlə bağlı qətnamə qəbul edib. Bu qətnamələri yenidən işləmək və inkişaf etdirməklə Ermənistana sanksiyalar nəzərdə tutmaq olar. Ona görə də Avropa Parlamentinin Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti ilə bağlı qəbul etdiyi növbəti sənədi müsbət dəyərləndirirəm”.

Deputat əlavə edib ki, Avropa qurumları və digər beynəlxalq təşkilatlar ləngimədən beynəlxalq hüquq normalarını müdafiə etməyə başlamalıdırlar: “Əks təqdirdə Avropa İttifaqı daxilində hərc-mərclik olacaq, dərəbəylik baş qaldıracaq. Həmçinin, radikal silahlı yolla ərazilərin işğalı baş verə bilər. Bunun qarşısını almaq üçün də Avropa İttifaqı beynəlxalq hüquq normalarını müdafə etməli, ərazilərimizi işğal etmiş Ermənistana müvafiq təzyiq edib ona qarşı sanksiyalar qəbul etməlidir”.

Asim Mollazadə hesab edir ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini daha da gücləndirməli və işğalçıya qarşı beynəlxalq qınağa nail olmalıdır: “Çalışmalıyıq ki, təcavüzkar bütün beynəlxalq təşkilatlarda qınaq obyektinə çevrilsin və ona qarşı sanksiyalar müəyyənləşdirilsin”.

Qeyd edək k, iyunun 10-da Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyinin sədri Mariya Kalyurand, Ermənistanı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıblar. Bəyanatda bildirilir ki, Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilib. Bu yeni yol infrastrukturu, həmçinin, işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək. Bildirilir ki, bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüs çox böyük təəssüf doğurur, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər