Paşinyan özünün keçmiş və gələcək siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır. Bütün bunları aqressiv şəkildə həyata keçirərkən isə demokratiya pərdəsi arxasında gizlənir, korrupsiyaya qarşı mübarizə apardığını iddia edir. Beləliklə, həm də universal dəyərləri öz repressiya siyasətinə alət edir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, ancaq məsələ bununla da bitmir:
“Vətəndaş cəmiyyəti institutlarının fəalları, repressiyaya qarşı küçəyə çıxan sadə vətəndaşlar polis tərəfindən kütləvi şəkildə həbs edilir. Artıq iyunun 16-da “Çiçəklənən Ermənistan” Partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. O, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa çağırılıb və həbs ediləcəyi istisna olunmur”.
Hikmət Babaoğlu qeyd edib ki, bütün bunların iki səbəbinin olduğu heç kimə sirr deyil:
“Birincisi Paşinyanın Sarukyanı özünə ciddi siyasi rəqib hesab etməsi, ikincisi isə məhz Sarukyanın Paşinyan hakimiyyətini daha sərt tənqid etməsidir. Hadisənin də bu fonda baş veriməsi bir daha müxalifət liderinin təzyiqlərə məruz qalması və baş verənlərin siyasi təqib olmasının göstəricisidir. Paşinyanın bu addımları artıq onun Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır. Əgər işğalçı ölkədəki daxili vəziyyəti qiymətləndirməyə çalışsaq, bunu ikili böhran dövrü kimi xarakterizə edə bilərik. Bunlardan biri pandemiya, digəri isə siyasi böhrandır”.
Deputat qeyd edib ki, Nikol Paşinyanın yeganə məqsədi isə ölkədə siyasi repressiyalar həyata keçirməklə öz diktaturasının müddətini uzatmaqla totalitar inqilabi diktatura qurmaqdır:
“Ancaq bəlkə də bunları işğalçı ölkənin daxili işləri kimi görüb onu gündəmə daşımamaq da olardı. Lakin məsələ ondadır ki, bütün baş verən bu repressiyalara Qərbin demokratiya institutları heç bir reaksiya göstərmir, işğalçı ölkənin repressiyalarına qiymət vermirlər. Beləliklə, qlobal ictimai rəydə onun demokratik obrazının yaradılmasına xidmət göstərmiş olurlar ki, bu faktor da nəticə etibarilə Ermənistanın işğalçı yox, demokratik ölkə olması rəyinin yaradılmasına xidmət edir. Təəssüf ki, bu günə qədər nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in media azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın Ermənistandakı səfiri, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər. Ancaq bənzər hadisələr Azərbaycanda baş versəydi dərhal ölkəmizə qarşı sistemli qarayaxma kampaniyası başladılar, bunu uzun müddət gündəmdə saxlamaqla beynəlxalq imicimizə zərbə vurardılar. Ona görə də Qərbin demokratiya institutları üçün əgər doğrudan da demokratik dəyərlər, insan hüquq və azadlıqları, söz azadlığı üstün dəyərdirsə mütləq Ermənistanda baş verənərə adekvat münasibət bildirməli, işğalçı ölkənin diktatura rejimini ifşa etməlidirlər”.