Bu gün Milli Məclisdə Sloveniya ilə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin Sloveniyanın ölkəmizlə dostluq qrupunun rəhbəri Matyaz Nemek ilə video-konfrans formatında görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı dostluq münasibətləri məmnunluqla qeyd olunub.
Ağalar Vəliyev bildirib ki, Sloveniya ilə siyasi münasibətlərin yüksək səviyyədə olması iki ölkə arasında iqtisadi və ticari əlaqələrə də müsbət təsir göstərir. O, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının, hökumət və parlament rəhbərlərinin qarşılıqlı səfərləri və bu səfərlər zamanı əldə olunan razılaşmaların və imzalanan sənədlərin əhəmiyyətindən danışıb.
Ölkələrimiz arasında 12 sənəd imzalandığını vurğulanıb. Parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərindən söz açan deputat beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin əhəmiyyətini qeyd edibi.
Ağalar Vəliyev COVID-19 pandemiyasının ölkə rəhbərliyi tərəfindən Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Azərbaycan dövlətinin Ümumdünya Səhiyyə Təşkilatına ianələr köçürdüyünü, ehtiyacı olan 29 ölkəyə humanitar yardımlar etdiyi deyib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından danışan millət vəkili 2014-cü ildə Sloveniya parlamentində Dağlıq Qarabağ münaqişəsinə, 2016-cı ildə isə Xocalı qətliamına dair qətnamələrin qəbul olunmasını yüksək dəyərləndirib. Sloveniyanın ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Matyaz Nemek qanunverici orqanların yüksək səviyyəli əlaqələrinin iki ölkə arasındakı münasibətlərin inkişafında oynadığı roldan danışıb. Ölkəmizin tarixinə, mədəniyyətinə və dahi şəxsiyyətlərinə olan dərin ehtiramını bildirib. Azərbaycanın iqtisadi inkişafı barədə kifayət qədər məlumatlı olduğunu bildirən Matyaz Nemek əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib.