“Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsində sərt mövqeyi və “bu budaqdan o budağa” prinsipinin arxasında da iki məqsəd durur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Əvəz Həsənov deyib.
Ekspert Ermənistan Baş nazrinin siyasi rəqiblərinə qarşı son sərt addımları haqda danışıb:
“Onun inqilabi romantizm ilə yaşadığı bəllidir. Eyni zamanda, istənilən inqilabı dəstəkləyənlərin sonradan hakimiyyətə gətirdikləri siyasi qüvvənin qəzəbinə düçar olduğunu və yaxud onların qurbanına çevrildiyini yaddan çıxarmayaq. Onun hələ ki, inqilabdan doğan reytinqi zəif deyil. Hər zaman meydana qayıdıb xalqdan kömək istəyəcəyini bildikləri üçün də onu bağışlamağa hazırdırlar. Qərbin gözündə də etdiyi səhvlərə baxmayaraq, digər siyasi qüvvələrdən bir az cəlbedici görünür.
Xalqın yenidən gərgin regional problemlər ilə üzləşməyə, Qarabağ münaqişəsini əsas götürərək, ölkənin inkişafını onun kontekstində görən siyasətçiləri geri qaytarmağa marağı olmadığı üçün ən zəif cəhətləri fonunda belə onun hakimiyyətinə verdiyi kart-blanşı dərhal geri almaqda meylli olduğu görünmür.
Onun Dağlıq Qarabağ məsələsində sərt mövqeyi və "bu budaqdan o budağa" prinsipinin arxasında da iki məqsəd durur. Birincisi, ölkənin əsas problemini gündəlikdən çıxarmadığını, ikincisi, Rusiyanın regionda maraqlarını təmin edən münaqişənin həll olunmasına hələ cəmiyyətin və rəhbərlərin hazır olmadığını göstərmək. Bununla da Rusiyanın marağının təmin olunduğu təsəvvürü yaradılır”.