25 İyun 2020 16:08
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Belarusun Strateji Araşdırmalar İnstitutu ilə birlikdə “Post-pandemiya dövründə Belarus-Azərbaycan münasibətlərinin inkişafı” adlı vebinar keçirib.

Teleqraf.com-un xəbərinə görə, açılış nitqi ilə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Belarus koronavirus böhranına fərqli münasibət sərgiləyən ölkələr sırasındadır. O da öz növbəsində bu problemin həlli üçün beyin mərkəzləri tərəfindən aktiv müzakirələrin aparılmalı olduğunu vurğulayıb. Fərid Şəfiyev pandemiya ilə bağlı proqnozlarının pessimist olmadığını əlavə edib. Onun sözlərinə görə, peyvənd tapıldıqdan sonra dünya tez bir zamanda öz axarına qayıtmağa nail olacaq. BMTM-in İdarə Heyətinin sədri, həmçinin, inteqrasiya proseslərindən danışaraq bildirib ki, bu, yalnız ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında mümkün ola bilər.

Daha sonra çıxış edən Belarus Strateji Araşdırmalar İnstitutunun direktoru Oleq Makarov Belarus və Azərbaycanın məsafəyə baxmayaraq çox yaxın xalqlar və dövlətlər olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər arasında sıx münasibətlər, xüsusilə ölkə rəhbərləri arasında xoş münasibətlər xalqlar arasında qardaşlıq əlaqələrinin inkişafına müsbət təsir göstərir. Oleq Makarov post-pandemiya dövrü ilə bağlı bir sıra narahatedici proqnozların səsləndirildiyini deyib:

“Hesab edirik ki, Belarusun təhlükəsizliyi regional əlaqələrdən və münasibətlərdən asılıdır. Xarici faktorlardan asılı olmayaraq öz gücümüzlə bu əlaqələri qoruyub saxlaya bilərik. Düşünürəm ki, bu problemlərin həlli üçün ideyalar ortaya çıxarılmalıdır. Keyfiyyətli təhlilin, analitikanın mühüm rolu var. Biz tərəfdaşları etibarlı fikir mübadiləsinə çağırırıq”.

O, həmçinin, pandemiya zamanı Belarusun karantin elan etmədiyi üçün bəzi təzyiqlərə məruz qaldığını vurğulayıb. Oleq Makarovun fikrincə, bununla bağlı ölkələrin mövqeyi siyasiləşdirilməməlidir.

Milli Məclisin deputatı Rasim Müsabəyov çıxışında bildirib ki, heç kim virusun nə zaman bitəcəyini bilmir. O qeyd edib ki, pandemiya turizm, aviasiya kimi sahələrə ciddi təsir edib, istehsal zənciri pozulub:

“Bu hallardan çıxmalıyıq və əməkdaşlıq da bunun əsas yoludur. Pandemiya nəticəsində ofis məkanlarından imtina artacaq, çevik iş rejimi həyata keçiriləcək, videokonfrans alətlərindən geniş istifadə ediləcək. Onlayn satışlar və kommersiya da pandemiyada ciddi təkan görüb. Həmçinin dövlət xidmətlərinin informasiya texnologiyaları vasitəsi ilə göstərilməsi daha da artacaq. Sərhədlərdə sanitar-gigiyena nəzarətinin gücləndirilməsi daha geniş həyata keçiriləcək”.

Rasim Musabəyov əlavə edib ki, Azərbaycan və Belarus oxşar ölkələrdir və iki ölkə bir-birinin təmsil olunmadığı platformalarda hər zaman qarşılıqlı dəstək verir. Onun sözlərinə görə, pandemiya sonrası da əlaqələrin inkişafı üşün böyük potensial var və bu əlaqələr energetika, maşınqayırma, kənd təsərrüfatı, İT və hərbi-sənaye sahəsində daha da inkişaf edə bilər.

Belarus Təhlükəsizlik Şurası Dövlət Katibliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Sergey Martınenko çıxışı zamanı bildirib ki, peyvənd tapılmayınca koronavirus davam edəcək və insanlar ənənəvi həyat tərzlərini davam etdirməyə çalışırlar:

“Lakin biz bu barədə fikirlərimizi dəyişməyə çalışmalıyıq. Koronavirus tək mənfi deyil, müsbət məqamları da üzə çıxarıb. Pandemiyanı nəticəsində həm də yeni imkanlar açılır, onlayn işləmə artıq geniş vüsət almağa başlayır. Pandemiya dövründə və sonrası Azərbaycanla əməkdaşlığımızın yüksək səviyyədə davam edəcəyinə heç bir şübhə yoxdur. Dövlət rəhbərləri ikitərəfli münasibətlərə xüsusi diqqət yetirir. Ölkələrimiz mənafelərini əməkdaşlıq edərək birgə daha yaxşı qoruya bilər”.

BMTM-in şöbə müdiri Fuad Çıraqov bildirib ki, ölkələrimiz bu çətin günlərdə stabillik və təhlükəsizliyə təhdid olan bir sıra çağırış və böhranlarla da qarşılaşıb. Onun sözlərinə görə, regional güclər və dünya güc mərkəzləri ölkələrimizdə xüsusi maraqlara malikdirlər, lakin strateji tərəfdaşlarla qarşılıqlı fayda verən əməkdaşlıq nəticəsində ölkələrimiz regional və dünya siyasətinin obyekti deyil, subyekti qismində çıxış edə bilərlər. Onun sözlərinə görə, qlobal təhdidlərlə mübarizə ilə yanaşı Azərbaycan üçün ərazi bütövlüyünün bərpası məsələsi ən əsas çağırış hesab olunur:

“Gələcək illərdə Azərbaycanın qarşısında heç də asan olmayan vəzifələr var. Bunlara Ermənistan-Azərbaycan münaqişəsinin həlli, işğal olunmuş torpaqların azad olunması, iqtisadiyyatın diversifikasiyası, iqtisadiyyatda qeyri-neft sektorunun payının artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi aiddir”.

Daha sonra Belarus Strateji Araşdırmalar İnstitutunun analitiki Asya Penteqova və Aİ və ABŞ üzrə bölməsinin rəhbəri İvan Jarkov post-pandemiya dövründə əsas trendlər, koronavirusun iqtisadi təsirləri, Belarus-Azərbaycan münasibətlərinin gələcək perspektivləri, informasiya hücumları və beyin mərkəzlərinin əməkdaşlığı ətrafında çıxış ediblər.

Tədbir sual-cavab sessiyası ilə davam edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər