Azərbaycanın işğal edilmiş ərazilərində işğalçı ölkə tərəfindən davamlı olaraq məskunlaşdırma həyata keçirilir. Ermənilərin Azərbaycan ərazilərində coğrafi adları kütləvi şəkildə dəyişdirməsi bir neçə məqama xidmət edir. Ermənistan indi olduğu kimi gələcəkdə də həmin ərazilərin ermənilərə məxsus olduğu iddialarını gündəmə gətirəcəklər.
Bu fikirləri Teleqraf.com-a açıqlmasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib
Onun sözlərinə görə, məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ermənistan bununla işğalçılıq siyasətinə legitimlik donu geyindirmək istəyir: "Sanki həmin ərazilər onlara aid olub və bu gün onlar həmin ərazilərə qayıdırlar. Cənab Prezident İlham Əliyev xüsusi vurğuladı ki, bu məsələyə çox diqqətlə yanaşmaq lazımdır. Ölkə başçısı beynəlxalq təşkilatların, xüsusilə də münaqişənin tənzimlənməsi prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun məsələyə xüsusi ciddi diqqət yetirməsini vacib hesab edir. Çünki Minsk Qrupunun həmsədr dövlətləri regionda kifayət qədər təsir imkanlarına malikdirlər. Eyni zamanda ayrılıqda da Ermənistana təsir etmə gücü mövcuddur. Ona görə də onlar işğalçı Ermənistanı bu addımlardan çəkindirməlidirlər".
Millət vəkili vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun missiyası münaqişəni dinc vasitələrlə həll etməkdən ibarətdir: "Amma ermənilər işğalda saxladıqları Azərbaycan ərazilərində kütləvi məskunlaşdırma həyata keçirməklə, bizim torpaqların coğrafi adlarının dəyişdirməklə münaqişənin tənzimlənməsi prosesini böyük sual altında qoymuş olur. Bunun nəticəsində münaqişənin dinc vasitələrlə həllinin mümkünsüzlüyü də önə çıxır. Bu məqam növbəti dəfə sübut edir ki, Ermənistan münaqişənin sülh yolu ilə tənzimlənməsi fikrindən uzaqdır. Belə olan halda təbii ki, Azərbaycan reallığı qiymətləndirərək münaqişənin tənzimlənməsində hərbi vasitələrə əl ata bilər. Ölkə prezidenti bu məsələyə də diqqət yetirdi ki, biz geosiyasi prosesləri diqqətlə izləməliyik və bununla yanaşı hərbi gücümüzü daha da artırmalıyıq. Bu da o anlama gəlir ki, ilk əlverişli geosiyasi reallıq yarandığı təqdirdə biz güclü hərbiyə malik olmaqla öz torpaqlarımızı işğaldan müharibə yolu ilə azad etməliyik. Çünki cənab prezident tərəfindən edilən bu çağırış məhz buna hesablanıb. Ona görə də beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupu Azərbaycan Prezidentinin bu fikirlərinə çox həssas yanaşmalıdırlar. Bu gün münaqişənin dinc tənzimləmə imkanlarından istifadə etməlidirlər. Əks halda gec olacaq. Azərbaycan ilk münbit şərait yarandığı halda öz torpaqlarını hərbi yolla işğaldan azad edəcək".
Deputat əlavə edib ki, belə olan halda işğalçı Ermənistanın aqibətinin necə olacağı haqqında həm ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin, həm də digər beynəlxalq təşkilatlarda aydın təsəvvürlər mövcuddur: "Bu baxımdan hesab edirəm ki, cənab prezidentin çağırışları özündə bir sıra vacib strateji məqamları ehtiva edir. Bu məsələyə həssaslıqla yanaşmaqla həm işğalçı Ermənistanın özü, həm də münaqişənin tənzimlənməsi prosesində bu və ya digər formada iştirak edən subyektlər ciddi nəticə çıxarmalıdırlar".