Referendum dəyişikliyi, səsvermə Rusiyanın öz daxili işidir, özləri bilər. Sadəcə olaraq mənim fikrimcə, Vladimir Putin indiyə qədər Rusiyaya yaxşı mənada uğurlar gətirməyib, ölkəni reformasiya etməyib. Bundan sonra da etməyəcək. Nəticədə Rusiya günü-gündən geriyə gedəcək.
Bu fikirləri Teleqraf.com-a “Ayna-Zerkola” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı Rusiyada baş tutan referendum nəticəsində Prezident Putinin hakimiyyət yolunun 2036-cı ilə qədər açılması haqda danışarkən deyib.
Elçin Şıxlı hesab edir ki, bundan sonra da dünya Rusiya simasında təhdid, qorxutmaq, kiminsə torpaqlarını almaq kimi hərəkətlərini görəcək: “Vladimir Putin yerini bərkitdikdən sonra daha inamlı olacaq. Amma bu perspektivdə Rusiya üçün böyük uğurlar mənasını da daşımayacaq. Məşhur məsəl var, ayı, tülkü və canavar balası söhbətləşir. Tülkü balası deyir ki, valideynlərim mənə oyuncaqlar alıb. Canavar deyir ki, valideynlərim xaricdən mənə paltar alıblar. Ayı balası da görür ki, nə ona oyuncaq alan, nə də xaricdən paltar gətirən var. Qayıdıb deyir ki, bu saat tutub ikinizi də ölənə qədər döyərəm. Yəni Rusiyanın vəziyyəti budur. Rusiya nə innovasiya gətirir, nə də reformasiya edir. Əvəzində ətrafındakılara deyir ki, cızığınızdan çıxsanız gəlib torpaqlarınızı alacağam. Rusiyanın Putinlə gələcəyi budur, bundan başqa gələcək görmürəm”.
Putinin Rusiya tarixində uzunmüddətli hakimiyyətdə qaldığını, hətta hakimiyyətinin Stalin iqtidarından da uzun olduğunu xatırladan E.Şıxlıya görə, indi Putinin yenidən iqtidarda qalmaq istəyi təsadüfi deyil: “Birincisi, özü üçün başqa həyat tərzi görmür. İkincisi, hakimiyyətdən gedən kimi onu darmadağın edəcəklər. Səbəb budur. Özü də özünün yedirdib irəli çəkdiyi şəxslər onu tapdalamaq istəyəcək. Bu səbəblərdən də hakimiyyətdən getmək istəmir”.
Rusiya kimi nəhəng ölkədə Prezident Putinin layiqli altenativi olub-olmadığı haqda suala gəlincə Elçin Şıxlı deyib ki, sabah başqa birisi hakimiyyətə gəlsə Putindən də pis ola bilər: “Çünki rusların beynində imperiya düşüncəsi silinməyib. Nə qədər ki, beynlərdə imperiya düşüncəsi olacaq, indiki vəziyyət müşahidə ediləcək. Rusiya dünyaya yeni innovasiya təqdim edə bilmir. Səbəb də odur ki, kommunizmdən, imperializmdən əl çəkməyiblər. İmperialist düşüncə ilə də irəliyə getmək mümkün olmur”.