“Rusiyada referendum oldu, konstitusiyaya dəyişikliklər edildi. Referenduma 206 dəyişiklik çıxarılmışdı. Üstəlik seçicilər bu dəyişikliklərin hamısına birdən səs verməli oldular. Bu, özlüyündə doğru deyildi. Venesiya Komissiyasının tənqidi rəyində də bunun yanlış olduğu yazılıb”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Erkin Qədirli deyib.
Onun sözlərinə görə, əsas dəyişikliklər hakimiyyətin quruluşu və təşkili ilə bağlıdır, burada Rusiya geriyə böyük bir addım atdı:
“Məsələn, Putinin indiki və indikindən öncə olmuş prezidentlikləri sayılmayacaq və o, 2024-cü ildə yenidən Prezident ola biləcəksə, bu, onun birinci prezidentliyi sayılacaq. Ondan sonra o, hərəsi 6 il olmaqla, daha iki müddət Prezident ola biləcək. İkincisi, hökuməti formalaşdırmaq səlahiyyəti Dövlət Dumasına verilsə də, hökumətin siyasətini Baş Nazir deyil, Prezident müəyyən edəcək. Üçüncüsü, güc qurumlarının rəhbərlərini təyin etmək səlahiyyəti Prezidentdə qalacaq, amma bunun üçün Dövlət Dumasının deyil, Federasiya Şurasının razılığı lazım olacaq.
Dördüncüsü, Prezidentin Federasiya Şurasına 30 üzv təyin etmək səlahiyyəti olacaq, onlardan yeddisini – ömürlük. Beşincisi, Prezident ömürlük, vəzifəsindən gedəndən sonra da toxunulmazlıq əldə etmiş olacaq. Altıncısı, Prezident Baş Prokuroru Federasiya Şurasının razılığını alandan sonra təyin etsə də, bölgə prokurorlarını kimsənin razılığını almadan özü təyin edəcək. Yeddinci, Konstitusiya Məhkəməsinin sədrini və müavinlərini Prezident təyin edəcək. Səkkizinci, əlavə olaraq Dövlət Şurası adlı bir qurum yaradılacaq. Bu qurum Prezidentə həm parlamentdən, həm də hökumətdən gələ biləcək riskləri idarə etmək üçün lazımdır.
Doqquzuncu, Prezident, parlament və hökumət üzvləri, qubernatorlar, prokurorlar, hakimlər və s. başqa dövlətin vətəndaşı ola, başqa dövlətdə yaşamaq, orada bankda hesab açmaq və daşınmaz əmlaka sahib olmaq hüquqlarına malik ola bilməzlər. Bu, əslində, yaxşı dəyişiklikdir, güman ki, Putin onu, başqa məqsədlərlə yanaşı, məmurların Rusiyadan çıxartdıqları pulları ölkəyə qaytarmaq üçün edib”.
Erkin Qədirli qeyd edib ki, dəyişikliklərin bəziləri Rusiyada insan haqları sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır:
“Məsələn, dəyişikliyə görə, beynəlxalq qurumların qərarları Rusiya konstitusiyasına zidd sayılarsa, onların icrası mümkün olmayacaq. Venesiya Komissiyası buna mənfi rəy verib, doğru da edib. AŞPA-nın Hüquq Komitəsində Rusiya həm də buna görə tənqid olundu. Konstitusiya ölkənin əsas qanunudur, orası elədir. Ona görə də beynəlxalq müqavilənin konstitusiyaya uyğunluğu, ona qoşulmazdan öncə yoxlanılmalıdır. Müqaviləyə qoşulandan sonra onun icrasından imtina etmək yolverilməzdir. Onun başqa yolu var - müqavilədən çıxmaq.
Dəyişikliklərin arasında indiki kontekstdə beynəlxalq hüquqa uyğun olmayan daha biri var. Bundan sonra Rusiyada ərazinin hansısa hissəsini özgəninkiləşdirməyə yönəlmiş çağırışlar qanunazidd sayılacaq və cəzalandırılacaq. Burada ifadə azadlığı ilə yarana biləcək problemi hələlik kənara qoyaq. Əsas problem Rusiyanın zorla özünə birləşdirdiyi, məsələn, Kırım, Kuril adaları və ya gələcəkdə birləşdirə biləcəyi ərazilərlə bağlı olacaq. Konstitusiyaya belə bir şeyi yazmaqla, Rusiya o əraziləri qaytarmaq istəmədiyini göstərmiş olur. Yeri gəlmişkən, konstitusiyada həm də Rusiyanın özünü SSRİ-nin varisi saydığı yazılacaq. Belə müddəa əvvəllər olmayıb, çünki Rusiya özünü SSRİ-nin varisi deyil, davamçısı sayıb. Düzdür, orada “öz ərazisi çərçivələrində” sözləri də yazılıb, amma Rusiyanın nə zaman və haranı özününkü sayacağını öncədən aydın bilmək olmur”.
Deputat bir neçə başqa dəyişikliyin də olduğunu bildirib:
“Məsələn, konstitusiyada Allaha inamın əcdadlardan miras qalması ilə bağlı müddəa olacaq. Bu, rus kilsəsinin mövqelərini gücləndirəcək və Rusiyada bolşevik inqilabına qədər olmuş dövlət-kilsə birliyinə oxşar bir münasibət sistemini yaradacaq. Ayrıca, Rusiyada rus xalqının dövlət formalaşdırıcı xalq olduğu da konstitusiyada yazılacaq ki, bunu da Rusiyadakı şovinist çevrələrdən yararlanmaq üçün yazıldığı güman olunur”.