Açıq ürək əməliyyatı olundum, demək olar ki, ürək damarlarının hamısı dəyişdirildi. Əvvəl başqa xəstəxanada müəlicə alırdım, sonra Bakı Medical Plazaya köçürüldüm.
Bu sözləri Azadlıq Partiyasının sədri Əhməd Oruc Teleqraf.com-a səhhəti barədə danışarkən deyib.
Partiya sədri əlavə edib ki, Prezident İlham Əliyev onun səhhətini şəxsi nəzarətinə götürüb: “O dövrdə siyasi partiyalarla Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə münasibətim var idi, görüşümüz olmuşdu. Bildiyim qədər mənim səhhətimlə bağlı məsələdən xəbər tutublar və prezidentə məlumat verilib. Prezident də mənim səhhətimi nəzarətdə saxlayıb, bildirib ki, nə mümkünsə edilsin, kömək göstərilsin”.
Əhməd Orucun sözlərinə görə, tam bərpa olunduğunu deyə bilməz: “Ürək əməliyyatı elədir ki, onu keçirəndən sonra ömür boyu müəyyən dərmanlar qəbul etməlisən. İkincisi, bir neçə il ərzində fiziki prosedurlar, ağır işlər görmək olmaz. Ümumi götürdükcə səhhətim əvvəlki dövrlə müqayisədə çox yaxşıdır. Ürək sarıdan elə bil problemim yoxdur”.
Gələcək planlarından danışan partiya sədri bildirib ki, siyasi fəaliyyətini davam etdirəcək.