13 İyul 2020 12:08
3 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonu istiqamətində törədilən təxribatla bağlı dünən Azərbaycan tərəfinin rəsmi açıqlamaları oldu. Həm Xarici İşlər Nazirliyi tərəfindən bəyanat yayımlandı, həm cənab prezidentin köməkçisi Hikmət Hacıyev geniş açıqlama verdi. Müdafiə Nazirliyi mütəmadi şəkildə, yerindəcə bəyanat və açıqlamalar yayır. Bütün bu bəyanatlarda başda ATƏT-in Minsk qrupunun həmsdərləri olmaqla dünya ictimaiyyətinə çağırış və müraciətlər yer alır.

Bunu Teleqraf.com-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, bu bəyanatlar həm diplomatik nümayəndəliklər vasitəsilə rəsmi şəkildə dövlət və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb, həm də rəsmi internet və sosial şəbəkə səhifələrində öz əksini tapıb.

Leyla Abdullayeva Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə telefon bağlantısının olub-olmamasına dair suala cavabında deyib:

“Xarici İşlər Nazirliyinin bəyanatı bütün dövlətlərə və beynəlxalq təşkilatlara göndərilib. Bura eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də daxildir. Kasprşik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsidir. Burada söhbət əsas ATƏT-in Minsk qrupunun həmsədrlərindən, həmsədr ölkələrdən gedir. Hansı ki, onlar vasitəçi qismində çıxış edirlər. Yenə də qeyd etmək istərdim ki, verdiyimiz bəyanat və açıqlamalarda bütün dünya ictimaiyyətinə başda həmsədr ölkələr olmaqla müraciət ünvanlanıb”.

Yaxın saatlarda bununla bağlı yeni bəyanatın gözlənilib-gözlənilmədiyinə dair suala cavab olaraq isə XİN-in idarə rəisi deyib:

“Təbii ki, bu, vəziyyətin inkişafından asılıdır. Bilirsiniz ki, Müdafiə Nazirliyi ən son məlumatları yerindəcə bizimlə bölüşür. Vəziyyətin inkişafından asılı olaraq təbii ki, Xarici İşlər Nazirliyi də müvafiq açıqlama və bəyanatlarını ictimaiyyətlə bölüşəcək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər