14 İyul 2020 20:56
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un əməkdaşı Azərbaycan Ali Sovetinin (indiki Milli Məclis) sabiq sədri, professor Yaqub Məmmədovla cəbhədə baş verənlərlə bağlı söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Yaqub müəllim, Ermənistan ordusu sərhədin Tovuz istiqamətində hücumlarını davam etdirir, hazırda qanlı döyüşlər gedir. Vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycan vətəndaşlarının baş verənlərə münasibəti necədirsə, mənim də elədir. Erməniləri yaxşıca əzmək və yerində oturtmaq lazımdır. İndiki, onlar belə bir həyasızlıq ediblər, qudurublar, Qarabağ bir yana qalıb və Azərbaycan dövlət sərhəddindən hücuma keçiblər, zabitlərimizi qətlə yetirib, dinc əhalimizə ziyan vururlar, deməli onlara tutarlı cavab vermək lazımdır. Elə onların arxasında duranları da siysi-diplomatik yolla yerində oturtmaq lazımdır. Xalqımız bu məsələdə ölkə rəhbərliyinə dəstəkdir. Başqa cür ola bilməz.

- Sizcə, ermənilərin cürəti çatarmı ki, özbaşına belə bir addım atsınlar?

- Xeyr. Bu, ermənilərin özbaşına addımı deyil. Görünür, onlara fit, icazə verənlər var. Amma keçməz. Hər kim olursa, olsun. Bizim bu qədər böyük imkanlarımız, hərbi qüdrətimiz, ordumuz, silah-sursatımız var. Onları yerində oturtmaq və göstərmək lazımdır ki, artıq 20 il əvvəlki dövr deyil ki, bizimlə başqa cür danışmağa cürət edəsiniz.

- Cəbhədə qanlı döyüşlər getdiyi bir ərəfədə Türkiyə, Pakistan, Ukrayna Azərbaycanı müdafiə edən bəyanatla çıxış edirlər. Bu faktı necə qiymətləndirirsiniz?

- Onların hamısı siyasi-diplomatik yolla bizi müdafiə edirlər. Onlar prosesə hərbi müdaxilə edəsi deyillər. Biz hakimiyyətfə olanda da diplomatik kanallarla əlaqə saxlanılır, dəstəklərini ifadə edirdilər. Ancaq real hərbi baxımdan rəsmi dəstək vermək bir qədər çətindir. İstisna etmirəm ki, qeyri-rəsmi dəstək ola bilər.

Amma Azərbaycana beynəlxalq siyasi dəstək lazımdır və dövlətimizi müdafiə edənlərə, ona dəstək verən dost ölkələrə təşəkkürümü bildirirəm. Bunsuz olmaz.

İkincisi, Minsk Qrupu az qala 30 ildir ki, camaatın başının altına yastıq qoyur. İndi hanı həmsədrlərin konkret mövqeyi? Həmsədrlər, onların məxsus olduğu ölkələr çıxıb sözlərini demədilər. Məsələni qəti qoymaq lazımdır. Onların bu cür səssizliyi həm də erməniləri əzmək üçün bir fürsətdir.

- Azərbaycan ordusu şəhid verməsinə baxmayaraq, düşmənə qarşı amansız mübarizə aparır. Bu baxımdan ordumuzun potensialını necə qiymətləndirirsiniz?

- Mən Azərbaycan ordusuna inanıram. Bu qədər silah-sursat alınıb, ölkə rəhbərliyi hərbi sahəyə xüsusi diqqət yetirir. Uzun illərdir ki, ordu quruculuğu ilə bağlı işlər aparılır. Mən inanıram ki, ordumuz güclüdür, onun böyük imkanları var, hərbi arsenalı zəngindir. Yəni ordumuz öz sözünü deyir və deyəcək də. Erməni anlayacaq ki, onun qarşısında duran nizami, peşəkar və hər cür təminatı olan Azərbaycan ordusudur.

- Təcrübə göstərir ki, adətən kəskin döyüşlər Qarabağ cəbhəsində gedib. Bəs nədən ermənilər Tovuz itiqamətində belə hiyləgər və təxribatçı addıma gedirlər?

- Əslində son hadislərin ortaya çıxardığı sual budur. Nədən bunlar Azərbaycan-Ermənistan dövlət sərhəddini Tovuz istiqamətində pozurlar? Açığı, mənim buna şərh verməyim doğru olmazdı. Çünki bizdə müfəssəl məlumat yoxdur. Ermənilərin hansı səbəbdən buna getdiyini proseslə məşğul olanlar, hadisə ilə əlaqədar işləyənlər bilər. Mən, prosesləri media vasitəsilə izləyirəm. Amma doğrudan da, bu hadisənin Tovuzdan başlanması mənim üçün də maraqlıdır. Bu böyük təxribat ola bilər. Yəni bizi təxribata çəkməklə dünyada şüvən qaldırarlar ki, guya biz sərhəddi keçmişik. Bunlardan vay-şüvən qaldırmağı bacaran nadir millətdir. Amma biz ayıq-sayıq olmalıyıq.

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, eləcə də ayrı-ayrı ölkələr müharibənin dayandırılmasını, sülhün təmin edilməsinə dair çağırışlarını necə qiymətləndirirsiniz?

-Bu qurumlar dəfələrlə elan ediblər ki, bu münaqişəyə qoşulmayacaqlar. Hazırda Tovuz istiqamətində döyüşlər gedir. Bu vəziyyətin nə qədər davam etməsi onların dediklərinə nə dərəcədə əməl eəcəklərini, verdikləri bəyanatlarında səmimi olub-olmadığını ortaya qoyacaq. Amma KTMT daim bəyan edib ki, prosesə qoşulmayacaq.

- Əməliyyatlar genişlənə bilərmi?

-Bu da, mənim cavab verə bilməyəcəyim məsələdir. İş ondadır ki, Rusiya Xarici işlər naziri Lavrovun bəyanatı olub. Eləcə də, Türkiyə XİN-in mövqeyi ifadə edilib. Ukrayna və digər ölkələr də müharibənin dayandırılmasına dair çağırışlar edib. Məncə, yaxın 2-3 gün ərzində əməliyyatların genişlənməsi və ya dayandırılması məsələsi bəlli olacaq.

Ancaq mən inanıram ki, Azərbaycan ordusu qüdrətli ordudur, Azərbaycan Prezidenti daim orduya xüsusi diqət ayırıb, onun peşəkarlığının artırılması, hərbi silahlarla təminatı məsələsində əlindən gələni əsirgəməyib. İnanıram ki, ordumuz düşmənə layiq olduğu cavabı verəcək və onu başa salacaq ki, biz, 20 il əvvəlki deyilik.


Müəllif: Cavad

Oxşar xəbərlər