17 İyul 2020 11:04
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda ermənilərin növbəti təxribatının qarşısı güclü ordumuz tərəfindən qətiyyətlə alındı. Düşmən məqsədinə nail ola bilmədi. Dövlətimizin atdığı addımlar nəticəsində bu təxribatlar baş tutmadı.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda insanların milli vətənpərvərlik ruhu yüksək səviyyədədir:

“Məhz cəbhədə baş verənlərə dəstək məqsədilə insanlarımız küçələrə axışaraq ali baş komandana, ordumuza öz dəstəklərini bildirdilər. Orada səslənən şüarlar insanların öz torpağına, Vətəninə, ali baş komandanına olan sevgisini, inamını ifadə edirdi. Amma “5-ci kolon” və digər milli satqınlar bu həssas məsələdən də öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışdılar. Milli Məclisin binasına girilməsi, Müdafiə Nazirliyinin binasına hücum cəhdi göstərdi ki, təxribatçı qüvvələr hansısa yollarla bu yürüşə daxil olmuşdu”.

Deputat qeyd edib ki, bu şəxslər hədəflərimizə kölgə salmağa cəhd etdi:

“Sözsüz ki, bu yürüşdə iştirak edən insanların mütləq əksəriyyəti səmimi, vətənpərvər, ordusuna, ali baş komandanına bağlı olan insanlar idi. Bütün bunların fonunda təxribatçılar öz məqsədlərinə nail olmaq üçün kütləvi tədbirlərdən daha çox yararlanmağa çalışırlar. Kütlə psixologiyası tamam başqadır, onu idarə etmək o qədər də asan deyil. Bu kütlənin arasına hər zaman olduğu kimi bu dəfə də təxribatçı qüvvələr daxil olmuşdular. Onlar öz çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar”.

Ceyhun Məmmədov əlavə edib ki, xalq hər zaman olduğu kimi bu dəfə də onun milli həssaslığından istifadə etmək istəyənlərin layiqli qiymətini verməyi bacardı: “Bu gün bizim əsas vəzifəmiz ölkə rəhbərləyinin, ali baş komandanın ətrafında birləşmək, mövcud ictimai-siyasi sabitliyi qoruyub saxlamaqdır. Çünki ermənilər, eləcə də digər düşmənlərimiz Azərbaycanın mövqeyinin bu qədər güclü olmasından narahatdırlar, ona görə ölkəmizi hər an qarışdırmağa hazırdırlar. Bu gün düşməni hər şeydən öncə ölkədəki sabitliyi, birlik və həmrəyliyi pozmaq düşündürür. Düşmən gözəl bilir ki, Azərbaycan ordusu güclüdür, ona layiqli cavabı verəcək, Azərbaycan üzərində qələbəyə sabitliyi və həmrəyliyi pozmaqla nail olmaq olar. Ona görə müxtəlif vasitələrlə məqsədlərinə nail olmağa çalışır. Bütün dünya dövlətlərində xalq hər zaman ümummilli məsələlərdə birləşir, dövlətin mənafeyini hər şeydən üstün tutur, eyiblərini başqalarının yanında açıb-ağartmırlar, öz dövlətlərinə düşmən və qənim kəsilmirlər”.

Ceyhun Məmmədov vurğulayıb ki, sabitlik və həmrəylik məsələsi ən prioritet məsələdir: “Bu mümkün olmasa, düşmən öz xəbis məqsədlərinə asanlıqla nail olacaq. Ona görə məsələyə daha qlobal yanaşmalıyıq, kiminsə vətən sevgisi və yanğısından sui-istifadə olunmasına yol verməməliyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər