Əgər ruslar Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatdırlarsa, öz əlaltıları olan erməniləri qapımızdan geri çəksinlər.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiya Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yaşanan gərginlikdən narahat olduqlarını dilə gətirməsi və vasitəçiliyə hazır olmaları haqda verilən açıqlamanı şərh edərkən deyib.
Deputat bildirib ki, dövlət sərhədində 6 gündür erməni təxribatı davam edir:
“Rusiya bu prosesdə nəinki görsənmir, hətta nümayiş etdirirlər ki, erməniləri geri çəkilməməyə sövq edirlər. İstisna etmirəm ki, bütün bu məsələlərin arxasında Rusiyanın özü dayanıb. Onlar gözləyirdilər ki, Azərbaycan ağır silahlardan - qradlardan, smerçlərdən istifadə etsin. Onlar da bundan bəhanə kimi istifadə edərək bizim Tovuzdan keçən boru xətlərini vursunlar. Məqsəd budur. Biz ağır silahlardan istifadə etmirik. Əslində heç erməni tərəfində ağır silahlarla vurulası bir şey də yoxdur. Üstəlik ermənilərə bəhanə də vermək istəmirik”.
R.Musabəyov bir daha xatırladıb ki, Ermənistan Rusiyanın forpostudur və Kreml istəsə, qapımızdan çəkə bilər.
Deputat Rusiya Təhlükəsizlik Şurasının iclasının keçirilməsinin və bunun publik olaraq nümayiş etdirilməsinin səbəblərini də açıqlayıb:
“Onların məqsədləri var. Düşünürəm ki, məqsədlərini müzakirə edirlər, yəni bu cür olsa nə olar, elə olsa nə olar. Anlayırlar ki, ermənilərin bizim beynəlxalq infrastrukturumuza qəsdi cavabsız qalmayacaq. Türkiyə də açıq elan edib ki, buna yol verməyəcək. Fərz edirəm ki, Türkiyənin arxasında ABŞ və İngiltərə durub. İndi hansısa bir işə başlayıblar, bunun riskləri də böyükdür və indi toplaşıb götür-qoy edirlər”.
Prosesin necə başa çatacağına gəldikdə, Musabəyova görə, baş verənlər bizim ssenarimiz deyil:
“Gərginliyi Azərbaycan yaratmayıb. Heç zaman konfliktdə düşmən və düşmənə dəstək verən xarici qüvvələrin ssenarisi ilə getmək olmaz. Orada gərginlik dondurulmalıdır. Amma Azərbaycanın öz planları var. Düşünürəm ki, bu planlar ciddi şəkildə götür-qoy edilərək, strateji müttəfiqimiz olan Türkiyə ilə müzakirə edilib həyata keçirilməlidir”.
Rusiya Təhlükəsizlik Şurasının toplantısı ilə paralel olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Azərbaycanı dəstəkləyən bəyanat səsləndirməsinə gəldikdə, siyasi şərhçi deyib ki, bu iki mövqe arasında bağlantı var:
“Düşünürəm ki, Prezident Ərdoğanın dedikləri sadəcə söz deyil. Təsəvvür edin ki, 2-3 türk təyyarəsi silahları və mütəxəssisləri ilə Gəncəyə ensə, bu, bir çoxlarını ağla gətirməyə kifayət edər. Türklər Suriya və Liviyada nümayiş etdiriblər ki, düşməni yerinə oturtmağa qadirdirlər”.