“Türk-Amerika Təhlükəsizlik Fondu (TASFO) işğalçı və terrorçu Ermənistanın Azərbaycanın Tovuz rayonuna qarşı təcavüzkar hücumu təkcə hərbi cinayət yox, eyni zamanda mülki əhaliyə və Azərbaycan xalqına qarşı bir müharibə cinayəti kimi qəbul edir”.
Bunu Teleqraf.com-a ABŞ-da fəaliyyət göstərən TASFO-nun başqanı Fatih Özonur deyib.
Özonur işğalçı Ermənistanın himayədarı ilə birlikdə azərbaycanlılara qarşı həyata keçirdiyi qətliam və soyqrımları da xatırladıb:
“Cənubi Qafqazdakı işğal siyasətinə vaxtilə Rusiyadan aldığı dəstəklə - İrəvan xanlığını ələ keçirməklə - başlayan ermənilər, tarixin heç bir mərhələsində etnik üstünlüyü olmadığı Qarabağdakı hərbi təcavüzünü Xocalı soyqırımı ilə davam etdirib. Bu gün Gürcüstan sərhədləri yaxınlığında yerləşən Tovuza da sonsuz kin siyasəti və terror zehniyyəti ilə hücum edib. Türk-Amerika Təhlükəsizlik Fondu bu işğal cəhdlərini şiddətlə qınayır. Ermənilər 102 il əvvəl qurduqları qondarma dövlətlə Azərbaycanın Türkiyə ilə əlaqələrini müəyyən qədər kəsdi. 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ və Naxçıvan arasındakı ərazilər işğal ediləndən sonra iki qardaş ölkə arasındakı coğrafi əlaqələr daha da daraldı. Bu işğalçı zehniyyət indi də həmin taktikanı Azərbaycanın Türkiyəyə tranzitində başqa bir yol olan Tovuzda da reallaşdırmağa cəhdlər edir. Buradakı Bakı-Tiflis-Ceyhan boru kəmərini ələ keçirərək Azərbaycan iqtisadiyyatına ağır zərbə vurmaq planlarını reallaşdırmaq istəyirlər. Bütün bunlar ermənilərin hansı düşüncəyə sahib olduğunu və kimlərə xidmət etdiyini açıq şəkildə göstərir”.
Fatih Özonur qeyd edib ki, TASFO qardaş Azərbaycana qarşı olan bu təcavüzkar hücuma qarşı qanuni və demokratik haqlar çərçivələrində üzərinə düşəni həyata keçirməkdə əsla tərəddüd etməyəcək:
“Eyni zamanda, professor Aygün Əttarın rəhbərlik etdiyi Türkiyə-Azərbaycan Dostluq Dərnəyi tərəfindən irəli sürülən, Ermənistanın təcavüzkar davranışlarına qarşı BMT-nin təcili toplantısının keçirilməsi təklifini dəstəkləyirik. Bunu təkcə dəstəkləməklə kifayətlənməyəcəyik, habelə bu yöndəki fəaliyyətlərimizi davam etdirəcəyik.
Baş verən olaylarda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir, ordusuna güc-qüvvət diləyirik”.