Gündəmdə ən çox maraq doğuran "türk əsgərləri Azərbaycana gedərmi" sualıdır. Əgər belə bir durum olarsa Azərbaycana erməni hücumu dayanar. Hətta Azərbaycan əraziləri erməni işğalından xilas olar. Amma bunun baş verməsi üçün Azərbaycan Türkiyəni hərbi dəstək məqsədilə dəvət etməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri türk analitik Taha Dağlı bildirib.
Ekspert qeyd edib ki, Ermənistanın Azərbaycana yönəlik hücumu ətrafında müzakirələr davam edir: “Atəşkəs elan edilsə də, Ermənistan tərəfi son 24 saatda 60 dəfə atəşkəsi pozub. Yəni sahədə istilik var. Rusiyanın dəstəyi olmasa Ermənistan Azərbaycanı işğal edə, bölgəyə hücum həyata keçirə bilməz. Bu son hücum da böyük ehtimalla Rusiyanın planı idi.
Hədəfdə enerji xətləridir. Hücuma səbəb Liviya, Suriya, Ayasofya ola bilər. Əsl mesajı Türkiyəyə verdilər”.
Taha Dağlı xatırladıb ki, Ermənistanın bu hücumundan sonra ruslar 150 min əsgərlə hərbi təlimlərə başlayıb: “Təlimlərə Ermənistandakı Rusiya hərbi bazası da daxil edilib. Üstəlik, bu prosesdə PKK Ermənistan üçün hərəkətə keçib. PKK-PYD terror təşkilatının tərkibində ermənilərdən ibarət terror qrupu var. O terrorçular Ermənistana dəstək verməyə hazır olduqlarını bildiriblər”.
Analitik qeyd edib ki, İran Ermənistanın yanındadır və Təbrizdə Ermənistana etiraz edənlərə rejim imkan verməyib: “İran bu son hücum zamanı Azərbaycanla bağlı diqqət çəkən mesaj verib. Azərbaycana dəstək vernəyin qarşılığında İraq və Suriyadakı İran tərəfindən təşkil edilən şiə döyüşçülərin hərbi fəaliyyətinə icazə veriləcəyi şərti ilə”.
Sonda Taha Dağlı qeyd edib ki, İsrail münaqişədə Azərbaycana daha yaxın mövqe sərgiləyir.