“Vəziyyət xoşagəlməz məcraya yönəlir və bundan cıxmaq üçün yollar axtarmalıyıq. Tovuzda atəşkəs pozulanda və hərbi əməliyyatlar başlayanda birmənalı demişdim ki, bu, əvvəlki qarşıdurmalardan fərqli situasiyadır və bizə qarşı aparılan hibrid müharibənin başlanğıcıdır. Bu gün həmin iddianın üzərində daha israrla dayanıram. Təəssüf ki, belədir”.
Teleqraf.com xəbər verir ki, xarici ölkələrdə yaşayan ermənilər və azərbaycanlılar arasındakı qarşıdurmalar haqda danışan politoloq Ərəstun Oruclu belə deyib.
“Bu mənada müxtəlif ölkələrdə baş verənlər də həmin müharibənin elementləridir və hələ onların hamısı deyil. Söhbət dövlətlərarası müharibədən yox, etnik nifrət üzərində qurulmuş ölüm-dirim savaşından gedir. Ən azı, bizim üçün bu, belədir. Ermənilərlə (Ermənistanla yox) 32 ildir davam edən açıq savaş bizə düşməni dərindən tanımağı öyrətmədi. Tarix bunun üçün kifayət qədər dərslər versə də, biz, onların nə qədər məkrli, qaydasız və çərçivəsiz olduğunu nəzərə almadıq”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, tarix boyu bizi diskriminasiyaya, deportasiyalara, soyqırımlara məruz qoyan ermənilər son nəticədə daim bizi günahkar, özlərini isə zavallı qurban kimi təqdim edə biliblər:
“Hesab edirəm ki, düşmənlə yalnız diskussiya aparmaq ən səmərəsiz yoldur və ona qarşı elə onun öz metodlarından istifadə etmək lazımdır. Əks halda boks rinqinə şahmat taxtası ilə gəlmiş olursan. Bunun da nəticəsi bəllidir.
Unutduq ki, cəmi yüz il əvvəl indi Ermənistan adlanan ərazidə əhalinin azı 70% təşkil edən azərbaycanlılar necə oradan didərgin salınıblar, məhv ediliblər, çünki orada ermənilər özlərinə dövlət qurmalı idilər. Onu da unutduq ki, necə ermənilər dünya boyu türk diplomat və vətəndaşlarını terrora məruz qoyublar. Amma unutmamalı idik ki, qürur duyduğumuz cumhuriyyətimiz qurulanda nəinki İrəvana, Göyçəyə, Zəngəzura, heç Bakıya və Lənkərana belə nəzarət edə bilmirdik. Cumhuriyyət məğlub olandan sonra belə onu quranlarımızın bir çoxu ən müxtəlif ölkələrdə erməni terroruna məruz qalıb həyatlarını itirdilər.
Çox şeylər sadalaya bilərəm, amma düşünürəm ki, buna ehtiyac yoxdur. Onsuz da ara səngiyən kimi hamısını yenə unudacağıq. Halbuki, unutmamalı və bu yaddaşın üzərində tarixin, zəkanın, strategiyanın, taktikanın və nəhayət, kobud gücün cəmləşdiyi düşməndən müdafiə siyasətimizi qurmalıyıq. Zamanımız da yoxdur. Sadaladığım bütün parametrlər üzrə çoxdan hazır olan düşmən artıq sonuncu vasitəni - kobud gücü işə salıb və bizi güc müstəvisinə çəkir.
Odur ki, indiki mərhələdə müxtəlif ölkələrdə açıq qarşıdurmalardan maksimum çəkinməli, təşkilatlanmalı və düşmənin yeni fitnələrinə daha hazırlıqlı olmalıyıq. Bilməliyik ki, torpaqlarımızı azad edəndə məğlub düşmən daha da azğınlaşacaq. Bir gün bu da olacaq və indi artıq düşmən də bilir bunu. Azərbaycan xalqının son döyüşlərə reaksiyasını da gördü. Gördü və anladı ki, güzəşt olmayacaq və deməli, bir gün işğal da, işğalçı da bitiriləcək və elə ona görə də azğınlaşıb. Biz isə durmadan çalışmalıyıq ki, heç olmazsa, işğal bitdikdən sonrakı dövrdə daha da azğınlaşacaq düşmənin indikilərdən dəfələrlə çirkin əməllərinə adekvat cavab vermək üçün hərtərəfli hazır olaq”.