27 İyul 2020 17:18
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə pozulmasına və təlafatla nəticələnən təxribat cəhdinə etiraz olaraq Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi bəyanat verib.

Teleqraf.com-un məlumatına görə, yerli KİV-də yayılmış bəyanatda Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi bildirir ki, 12 iyul 2020-ci il tarixindən başlayaraq Ermənistan Respublikası növbəti təxribata əl atmış, atəşkəs rejimini və beynəxalq hüquq normalarını pozmaqla Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində sərhəddi dəyişməyə cəhd edərək, təcavüzkar siyasətini bir daha ortaya qoymuşdur. Düşmənin həmlələri adekvat addımlarla dəf edilmiş və layiqli cavabı verilərək geri çəkilməyə məcbur edilmişdir. Döyüş mövqelərində hər hansı dəyişiklik yoxdur:

"Ermənistan silahlı qüvvələri 13, 14 iyul tarixlərində də Azərbaycanın Tovuz rayonu istiqamətində artileriya, tank və minomyotlardan atəşləri davam etdirmişdir. Bununla yanaşı Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz və Culfa rayonu istiqamətlərindəki sərhədlərində də atəşkəs rejimini pozaraq, Azərbaycanın müdafiə mövqelərinə müxtəlif tipli mərmilərdən atəş açmışdır.

Hər iki tərəfdən itkilər olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumata görə Azərbaycan bir general-mayor, bir polkovnik və iki mayor olmaqla 4 yüksək rütbəli zabit, 7 siravi və digər rütbəli olmaqla ümumilikdə 11 şəhid vermişdir.
O cümlədən 14 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Azərbaycanın Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz izzət oğlu həlak olmuşdur. Ermənistan tərəfi bundan öncə də mülki şəxsləri məqsədyönıü şəkildə hədəfə alaraq, onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, sərhədboyu, eləcə də təmas xətti yaxınlığında yaşayan və aralarında azyaşlı uşaqlar da olmaqla mülki şəxslərin hədəfə çevrilməsi, 2016-cı ilin aprel hadisələri zamanı 6 mülki şəxsin həlak olması və 33 nəfərin yaralanması Ermənistan təcavüzünün günahsız qurbanlarıdır.

Baş verən hadisələrə görə məsuliyyət Ermənistan Respublikasının hərbi-siyasi birliyinin üzərinə düşür və şübhəsiz ki, bundan sonra da qanlı cinayətlərin layiqli cavabını alacaqdır.

Ermənistanın COVİD-19 böhranı dövründə məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribat üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və ölkədaxili problemlərdən Ermənistan cəmiyyətinin fikrini yayındırmaq məqsədi daşıyır. Təsadüfi deyidir ki, Ermənistan hadisədən dərhal istifadə edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş və yardım istəmişdir. Bu onu göstərir ki, Ermənistan əvvəlcədən planlaşdırılmış bir təxribatı həyata keçirməkdədir.

Ermənistan Respublikasının atəşkəs rejimini pozmaqda Azərbaycan tərəfini ittiham etməsi ilə əlaqədar bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayondan kənardakı Ermənistanla sərhədlərə Sərhəd Qoşunlarının əgərlərinin yerləşdirilməsi Azərbaycanın təcavüzkar niyyətinin olmadığını göstərir. Eyni zamanda 20 % torpaqları işğal olunan Azərbaycanın KTMT-nin üzvü olan Ermənistanla sərhədləri pozmağa cəhd etməsi fikri heç bir məntiqə uyğun deyildir və Azərbaycan heç vaxt bu addımı atmaz. Azərbaycan Respublikası ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarına bu günə kimi sadiq qalmışdır. Lakin, Azərbaycan xalqının səbri sonsuz deyildir. Azərbaycan
Respublikası BMT nizamnaməsinin 51-ci maddəsinin ona verdiyi özünümüdafiə hüququnu özündə saxlayır və aparılan sülh danışıqları gözlənlən nəticəni verməzsə bu hüququndan istifadə edərək, öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

Hesab edirik ki, təvacüzkarla təcavüzə məruz qalan dövlət eyni tutulmamalıdır. Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü vardır. Onların beynəlxalq hüquqla tanınmış hüquq və azadlıqları əllərindən alınmışdır. Dövlətimiz öz imkanları hesabına ildən-ilə onların həyat şəraitinin yaxşılaşdırılmasına çalışır. Eyni zamanda fürsətdən istifadə edərək dost Küveyt Dövlətinə münaqişənin ilk illərində azərbaycanlı qaçqınlara göstərdiyi yardımlara görə minnətdarlığımızı ifadə edirik. Lakin, təəssüflər olsun ki, Azərbaycan öz tarixi ata-baba yurdlarından qovulmuş qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası istiqamətində beynəlxalq birliyin gərəkli dəstəyini görmür.

Bildirmək istərdik ki, Ermənistan Respublikası öz təcavüzkar hərəkətləri ilə BMT nizamnaməsəni, 1949-cu il Cenevrə Konvensiyasaları ilə müəyyən edilmiş beynəlxalq humanitar hüquq normalarını, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının çoxsaylı qətnamələrini, eləcə də ATƏT, AŞ kimi regional təşkilatların qərar və prinsiplərini kobud şəkildə pozmaqda davam edir.
Hesab edirik ki, Ermənistan Respublikasına beynəlxalq birliyin təzyiqləri kifayət qədər deyildir. Ona görə də öz təcavüzkar hərəkətlərindən və təxribatlardan əl çəkmir, həmçinin bu kimi lokal toqquşmaların davam etmək ehtimalı daha da artır.

Qardaş Küveyt Dövlətinin 1990-cı ildə işğala məruz qalması bizi problemlərimizi yaxından hiss etməyə kömək edir. O zaman beynəlxalq birlik az bir müddət ərzində BMT qətnaməsi əsasında koalisiya təşkil edərək Küveyti işğaldan azad etmişdi. Lakin təəssüflər olsun ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanın 20 % torpaqları hələ də işğal altında qalır və son hadisələr bir daha göstərdi ki, Ermənistan Respublikası öz təcavüzkar siyasətindən əl çəkməmişdir.

Sonda bir daha Azərbaycan Respublikasına birbaşa və dolayı şəkildə göstərilən dəstəyə görə dost və qardaş ölkələrə, xüsusilə də Küveyt Dövlətinə, eləcə də BMT və İslam Əməkdaşlığı Təşkilat daxil olmaqla bütün beynəlxalq təşkilatlara öz dərin təşəkkürümüzü ifadə edirik. İnanırıq ki, haqq işimizdə qalib gələcəyik. Allah haqlılarladır!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər