28 İyul 2020 18:14
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin yeni təhsil nazirini video formatda qəbul edərkən etdiyi çıxışı və verdiyi tövsiyələr nazirlə yanaşı bütövlükdə təhsil təşkilatçılarına verilən yol xəritəsidir. Elə ölkələr var ki, təbii sərvətləri yoxdur, məsələn, təhsil və elmin sayəsində Yaponiya bu gün dünyanın yeddi inkişaf etmiş ölkəsindən biridir. Bütün bunlar hamısı elmlə, biliklə, yeni texnologiyalarla əldə edilib. Həmin ölkələr bütün dünyaya müasir texnologiyaları satırlar. Cənab Prezidentin verdiyi tövsiyələrin yerinə yetirilməsi təhsilimizdə yeni bir keyfiyyət mərhələsi açacaq.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, bu gün orta təhsil üçün əsas olan müasir məktəblərin tikilməsi, maddi-texniki təchizatın təmin olunması, kadr məsələləridir ki, artıq həll edilib.

Deputat qeyd edib ki, bu gün ən ucqar məktəblərimizdə də internet mövcuddur:

“Ali məktəblərimizdə də böyük irəliləyişlərin getdiyini görürük. Azərbaycan-Fransız Universiteti yaradılıb, eyni zamanda bir sıra qabaqcıl universitetlərin filialları ölkəmizdə qurulub. Bütün bunlar ali təhsilimizin də inkişaf etdiyini göstərir”.

Millət vəkili vurğulayıb ki, təhsilin peşə səviyyəsində də böyük işlər görülüb:

“Heç kəsə sirr deyil ki, orta məktəbi bitirən gənclərin hamısı ali məktəbə qəbul oluna bilməzlər, onlar müəyyən peşələrə yiyələnməlidirlər. O peşələr bizim ölkəmizin iqtisadiyyatında gərəkli olacaq. Ona görə də rayonlarda peşə məktəbləri açılır. Peşə məktəbləri hər bir rayonun iqtisadiyyatına uyğun olaraq ixtisaslar verir”.

Musa Qasımlı qeyd edib ki, dövlət başçısı tövsiyələrində təhsilin keyfiyyətinin artırılmasını önə çəkib: “Yəni bu gün Azərbaycan məktəblərinin maddi-texniki bazası var və təhsilin keyfiyyəti yaxşılaşdırılmalıdır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasından ötrü kadrlar, dərslik və dərs vəsaitləri də qaydasında olmalıdır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması özü ilə bərabər bir çox digər məsələlərin də müasir səviyyədə qurulmasını tələb edir”.

Deputat qeyd edib ki, Prezidentin tövsiyələr içərisində xaricdə gənclərin təhsil almağa göndərilməsi var idi:

Musa Qasımlı bildirib ki, tarixdə dövlət xətti ilə gənclərimizin xarici ölkələrdə və qabaqcıl universitetlərdə təhsil alması ilə bağlı çoxlu nümunələr var:

“1918-1920-ci illərdə Cumhuriyyət dövründə azərbaycanlı gənclər Avropa ölkələrinə təhsil almağa gedirdilər. 70-ci illərdə Ulu Öndər Heydər Əliyev azərbaycanlı gəncləri ölkənin qabaqcıl universitetlərində və müasir ixtisaslarda təhsil almaq üçün göndərirdi. O dövrdə kompüter texnologiyası yeni idi. Amma bir sıra gənclər həmin ixtisaslara gedib yiyələndilər və bu gün də Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Nəhayət, Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə xaricə azərbaycanlı gənclər təhsil almağa yola düşüb. Doğrudur, onların bəziləri geri dönməyəcəklər, amma onlar xarici ölkələrdə qalsalar belə, Azərbaycanın adıdır. Biləcəklər ki, Azərbaycan dövləti onların arxasındadır”.

Millət vəkili əlavə edib ki, bütövlükdə prezidentin tövsiyələrini Təhsil Nazirliyi dəqiq yerinə yetirərsə, o zaman biz təhsilimizdə tamamilə yeni bir keyfiyyət mərhələsinin şahidi olacağıq".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər