Milli Məclisin növbəti sessiyasının çağırılmasında qeyri-adi heç nə yoxdur. Milli Məclisin növbədənkənar iclasları və ya sessiyaları deputatların bir qisminin müvafiq qaydada parlamentin sədrinə müraciəti və spikerin həmin müraciətdən irəli gələrək, sərəncam imzalaması ilə çağırıla, keçirilə bilər. İndiyə kimi parlamentin təcrübəsində belə hallar olub.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Millət vəkili bildirib ki, sonuncu yaz sessiyasından sonra iyun ayında Milli Məclisin növbəti növbədənkənar sessiyası çağırılıb və parlamentin bir neçə iclası keçirilib: “İyunun 30-da isə növbədənkənar sessiyaya yekun vurulub. İstər yaz sessiyasında, istərsə də, növbədənkənar sessiyada dövlətimizin inkişafı, xüsusilə, pandemiya dövrünün reallıqlarından yaranan məsələlərlə bağlı çox mühüm qərar verilib, qanun layihələri qəbul edilib, bir sıra beynəlxalq konvensiyalar və sazişlər ratifikasiya olunub. Yəni, parlament öz missiyasını uğurla yerinə yetirə bildi”.
Millət vəkili vurğulayıb ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında ölkə başçısı bu ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı tapşırıq verib. “Cənab Prezident qeyd edib ki, neftin qiymətindən asılı olmayaraq büdcə tam icra edilməlidir. Ölkə başçısı vurğuladı ki, hesab edirəm buna bizim imkanımız çatacaq, hökumət üzvləri ilə birlikdə Baş Nazirin rəhbərliyi ilə bu məsələləri təhlil edin və mənə konkret təkliflər verin".
Deputat qeyd edib ki, dövlət başçısının verdiyi həmin tapşırığa uyğun “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanaraq müvafiq büdcə zərfi ilə birlikdə hökumətə təqdim olunub: “Yəni, büdcə sisteminə uyğun olaraq icmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilib. Həmçinin, dövlət və icmal büdcələrin yenidən baxılması ilə bağlı dövlət və icmal büdcələrinin dürüstləşdirilmiş göstəriciləri Maliyyə Sabitlik Şurasında müzakirə olunaraq bəyənilib.
2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi isə əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, habelə COVID-19 pandemiyasının ölkəmizə mənfi təsirinin qarşısının alınması ilə bağlıdır”.
Eldəniz Səlimov büdcə layihəsində əhalinin sağlamlığı, iqtisadi fəaliyyət sektorları, sahibkarlıq subyektlərinə dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı məsəllərə yenidən baxılacağını vurğulayıb:
”Spiker Sahibə Qafarova tərəfindən deputatların müraciətinə əsasən, Milli Məclisin növbədənkənar sessiyanın çağırılması ilə bağlı müvafiq sərəncam imzalanıb. İnşallah, qarşıdan gələn həftə yenidən parlamentdə yığışacağıq və həm dövlət büdcəsinə, həm də digər bir neçə qanuna dəyişikliklərlə bağlı qanun layihələrini müzakirə edəcəyik. Təbii ki, ətraflı və hərtərəfli müzakirələrdən sonra onları bütövlükdə qəbul edəcəyik və imzalanaraq, hüquqi qüvvəsinə minməsi üçün dövlət başçısına göndərəcəyik”.
Millət vəkili əlavə edib ki, pandemiyanın davam etməsinə, digər çətinliklərə rəğmən, dövlət büdcəsinə dəyişikliklərin edilməsinin, xərclərin artırılmasının nəzərdə tutulması olduqca mühüm addımlardandır: “Bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti, ölkənin qanunverici orqanı, ölkə prrzidenti bütün situasiyalarda öz vətəndaşının, öz insanın yanındadır. Bir dövlət olaraq, bizi güclü və qürurlu edən də elə budur”.