3 Avqust 2020 20:14
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın hər bir hərəkəti aydın göstərir ki, o sələflərindən fərqli mövqe sərgiləmir. Yəni, ondan öncə mövcud olmuş kriminal rejimlər də demək olar ki, analoji tərzdə davranırdılar. 2016-cı ilin aprel döyüşlərində Sarkisyan qoşunların təmas xəttində təxribat törətdi və Azərbaycan Ordusunun sərt reaksiyası ilə üzləşdi. Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbə vurmaqla bir neçə strateji yüksəkliyə nəzarəti ələ aldı. Amma sonradan müşahidə etdik ki, Sarkisyan hakimiyyəti itkiləri gizlətdi. Bundan sonra düşmən ordusunda xaos başladı və hərbi rəhbərliyə qarşı həm cəmiyyətdə, həm də hakimiyyət daxilində ittihamlar səsləndirildi. Məhz bu səbəbdən Sarkisyan artıq cəbhədə vermiş olduğu itkiləri gizlədə bilmədi. Ermənistan mediasında, xarici mətbuatda onların öz təxribatlarının qurbanına çevrildikləri üzə çıxdı.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

Millət vəkilinin sözlərinə görə, 2016-ci il aprel döyüşlərində daxili və xarici media erməni ordusundan 300-dən artıq itkinin qeydə alındığını bildirdi.

Depuat həmin dövrdə də informasiyanı üzun müddət gizli saxlamağın mümkün olmadığını vurğuladı: “Paşinyan da növbəti hərbi avantürasının qurbanı olmaqdadır. İyulun 12-də dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətində işğalçı rejim hərbi təxribatlar törətdi. Bu zaman dinc əhalini və mülki obyektləri də hədəf götürdü. Paşinyanın məqsədi ondan ibarət idi ki, Azərbaycan Ermənistan ərazisində atəş nöqtələrini susdursun və bundan sonra onlar bu olayı ölkəmizin özlərinə qarşı aqressiyası kimi qələmə versinlər. Lakin Paşinyanın təbliğat maşını işləmədi və Azərbaycan tərəfi həqiqətləri daha intensiv, çevik formada beynəlxalq platformalarda yaymağa başladı. Eyni zamanda Azərbaycan öz ədalətli mövqeyini bir daha sübüt edə bildi və obyetkiv informasiya beynəlxalq ictimaiyyət tərəfindən demək olar ki, həzm olundu”.

Depuat qeyd edib ki, hər zaman erməni aqressiyası qarşısında qınanılan Azərbaycan olurdu: “Bu dəfə isə Ermənistana hər hansı bir dəstək olmadı. Bu da onların informasiya, siyasi müstəvidə ciddi məğlubiyyəti idi.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və çoxsaylı tərəfdaş ölkələr tərəfindən açıq dəstək aldı. Hərbi müstəvidə də Azərbaycan böyük qələbə qazandı. Ermənistan tərəfi isə ciddi itgilər verdi”.

Millət vəkili Paşinyan hakimiyyətinin cəbhədəki itkiləri gizlətdiyini vurğulayıb.

Onun sözlərin görə işğalçı rejim sona qədər bu prosesi davam etdirə bilməyəcək:

“Çünki Ermənistan cəmiyyəti də həqiqətlərin üzə çıxmasında maraqlıdır. Digər tərəfdən Paşinyanın hərbi avatürasının detallarının ictimailəşməsində maraqlı olan siyasi qüvvələr var. Bu siyasi qüvvə Paşinyanın ətrafında çox ciddi dinamik şəkildə güclənməkdə olan müxalifətdir. Erməni müxalifətinin əsas siması olan eyni zamanda kənar dairələrdən də dəstəklənən Sarukyanın həbs edilməsi Paşinyana qarşı ictimayi nifrətin formalaşmasında bir katalizator rolunu oynadı”.

Elşad Mirbəşiroğlu məğlubiyyətlə, ciddi itkilərlə məruz qalacağını bilərək Paşinyanın sərhəd boyunca təxribata əl atmaqla ölkəsindəki daxili təlatümlərdən də diqqəti yayındırmağı da düşündüyünü söyləyib.

Deputat bildirib ki, işğalçı ölkənin baş naziri hərbi qeydiyyatda olmayan insan resurslarından istifadə etməklə itkilərin sayının gizlədilməsində maraqlıdır: “Suriyadan, Livandan ermənilər bu təxribata cəlb edilib. Eyni zamanda hərb üçün yararlılıq yaşını keçmiş insan resurslarından da istifadə olundu. Bütün bunlar isə Paşinyanın real itkiləri gizlətməsinə hesablanmışdı. Amma bunu sona kimi gizli saxlamaq mümkün olmayacaq. Çünki müasir dövrdə hansısa bir informasiyanın uzun müddət gizli qalması qeyri-mümkündür”.


Müəllif: Tapdıq Qurbanlı