4 Avqust 2020 17:00
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fazil Mustafa örnək olmasa da, həmişə mənə maraqlı görünüb, tanıyanlar bilir ki, intellektini, savadını, cəmiyyətdəki davranışlarını təqdir etmişəm. Onun siyasi iddialardan yana maarifçilik işinin dövlətə və dövlətçiliyimizə xeyir gətirdiyi fikrində bu gün də qalıram. Kütlə sevgisinə köklənməyən mövqeyi tənqidə, bəzən təhqirə məruz qalsa da düşünürəm ki, Azərbaycan cəmiyyətində Fazil Mustafanın mövqeyini yetərincə müdafiə edən insan var".

Teleqraf.com xəbər verir ki, bu sözləri “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Baş redaktor xatırladıb ki, “Şərq” qəzetində yaradıcılıq planlanmasında verilən tapşırığın maraqlı, fərqli olmasını istəyənlər Fazil Mustafaya üz tuturlar:

“Amma çox təəssüf ki, Fazil Mustafa “Space”nin “Sadə həqiqətlər” verilişində mətbuatımızla bağlı kökü, əsası olmayan fikirlər səsləndirib, jurnalist olmasa da, dövlət dotasiyası ilə qəzet buraxa biləcəyini deyib. Fazil bəy ölkədə “Arqumentı i faktı”, “Qardian” tipli analitik qəzetlərin olmadığından gileylənib. Xub, əla, inanmıram ki, Fazil bəy bu gün Azərbaycan mediasının durumundan bixəbərdir. Xəbəri yoxdursa, deyim, bir ildə bir manatlıq reklamı olmayan, böyrümüzdəki Masazıra bir qəzet çatdıra bilməyən mətbuatdan “Qardian” düzəltmək olarmı ?

Hələ mən yaradıcılıq tərəflərindən danışmıram. Onu qismət olsa, görüşsək, ikilikdə danışarıq. Fazil Mustafa, biz əvvəl “Qardian” mühitinin heç olmasa, 30 faizini yaradaq, sonrasına baxarıq ki, Azərbaycan jurnalistləri necə işləyir?

Səmimi deyirəm, Fazil bəy, “Şərq” qəzetinin baş redaktorluğunu məmnuniyyətlə Sizə həvalə edərdim. Gəlin redaksiyaya, mədəniyyət şöbəsi yazarlarından savayı hamısı sizi doğma kimi qarşılayacaq. Sizin qəzeti hansı yaradıcılıq istiqaməti ilə “Qardiana” çevirəcəyiniz çox maraqlı olar.

Amma inanmıram. Uzağı bir həftə duruş gətirə bilərsiz, sonra da əməkdaşları yığıb, halallıq istəyib redaksiyanı tərk edəcəyinizə bəri başdan əminəm”.


Müəllif: Cavad