“Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun ilk səfərinin Türkiyəyə olması hamının ürəyincə oldu. Bu həm də bir diplomatik ənənəyə çevrilib. Türkiyədə prezident seçilən kimi ilk səfərini Azərbaycana, Azərbaycanda da prezident seçilən kimi ilk səfərini Türkiyəyə edir. Bu da iki dövlətin demək olar ki, bütün məsələlərdə eyni addımlar atmağının təzahürüdür”.
Teleqraf.com xəbər verir ki, bu sözləri tarixçi-alim Dilavər Əzimli deyib.
Tarixçi bildirib ki, Ceyhun Bayramov yeni vəzifəyə təyin olunanda onu səfərə dəvət edənlərdən biri də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov olub:
“Erməni əsilli bu nazir dərhal onu Moskvaya çağırırdı ki, özünün hiyləgər siyasətini işə salıb, məqsədlərini yeridə bilsin. Amma nə yaxşı ki, Ceyhun Bayramov ilk öncə Türkiyəyə səfər etdi. Təbii ki, burada ölkə başçısının iradəsi də özünü göstərir. Bu həm də Rusiyaya mesajdır ki, biz Türkiyə ilə eyni müstəvidə hərəkət edirik. Mən şəxsən nazirimizin gözəl Azərbaycan türkcəsində danışığına qulaq asıb qürur duydum. Əslində, belə də olmalıdır. Yəqin ki, bundan sonra Xarici İşlər Nazirliyimizin dəhlizlərində də öz türkcəmiz hakim olacaq”.
Dilavər Əzimli qeyd edib ki, ölkənin bəzi məmurları da Ceyhun Bayramovdan ibrət götürməlidir:
“Nazirimizin çıxışına da qulaq asdım, mükəmməl idi. Qardaş Türkiyə ilə münasibətlərə böyük önəm verdiyini açıqladı. Həm də düzgün olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid etdi. Məni sevindirən Azərbaycan-Türkiyə müansibətlərinin diplomatik səviyyədə daha da sıx münasibətlərə çevrilməsidir. İnanıram ki, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də birgə hərəkət edəcəyik. Ən böyük arzumuz da Azərbaycanın təhlükəsizliyi naminə mehtemçiklərin, yəni türk əsgərlərinin ölkəmizdə daimi qalmasıdır. Bunu ardınca da daha böyük ittifaqlar gəlir. Dünya dəyişir - zaman türkün dəyirmanına işləyir”.