"Hard talk" şousunda Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı cəfəng fikirləri barəsində nə isə demək istəməzdim. Verilişdə olanlar hamısı göz qarşısında idi. Biz burada ədalətli jurnalistikanın şahidi olduq.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Teleqraf.com-a açıqlamasında deyib.
O, "Hard talk" şousunda Nikol Paşinyana verilən sualları çox peşəkar, ədalətli və haqlı hesab etdiyini bildirib:
"Qərb jurnalistikasında belə bir deyim var: "Yanlış sual yoxdur, yanlış cavablar var". Jurnalistikanın sahib çıxdığı məhz bu prinsiplə çıxış edərək orada çox düzgün suallara yanlış, qeyri-peşəkar cavablar verildiyini müşahidə etdik. Amma əsas məqam ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət də Ermənistanın işğalçılığını görür.
Orada bir tamaşaçı kimi bizim də diqqətimizi cəlb edən suallardan biri ondan ibarət idi ki, Ermənistan Azərbaycan xalqından üzr istəməyə hazırdırmı və nə zaman üzr istəyəcək? Paşinyandan da "hə" və ya "yox" cavabı tələb olunurdu. Göründüyü kimi Ermənistan rəhbərliyi yenə də ölkəsinin məsuliyyətindən qaçmağa çalışdı".