25 Avqust 2020 09:35
2 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclsin deputatı Arzu Nağıyev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Arzu müəllim, cəbhədə növbəti erməni təxribatı baş verib və düşmən diversiya qrupunun komandiri ordumuz tərəfindən əsir götürülüb. İşğalçının növbəti təxribatı indiki həssas məqamda hansı məqsədə xidmət edir?

- İstər mühüm görüşlər ərəfəsində, istərsə də beynəlxalq dərəcəli şəxslərin Azərbaycana səfəri zamanı erməni təxribatı və atəşkəsin pozulması halları müşahidə edilib. Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə istiqamətində nəzərdə tutulan görüşlərdən əvvəl düşmən tərəfindən belə bir addımlar atılır. Rusiya Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri ərəfəsində işğalçı Ermənistan tərəfindən belə bir diversiya hərəkəti də gözlənilən idi. Goranboy istiqamətində erməni diversiya qrupunun təxribatçı hərəkətləri məqsədli şəkildə edilən bir provakasiyadır. Atəşkəsin pozulması, sülh prosesinin heç cür alınmaması görüntüsü yaratmağa hesablanıb. Ermənistan təbii ki, Azərbaycanı bu cür məsələlərdə provakasiyalara çəkərək günahkar çıxarmağa çalışır. Düşmənin belə bir təxribatı danışıqlarda status-kvonun saxlanılması məqsədinə xidmət edir. Eyni zamanda işğalçı Ermənistan Rusiya tərəfinə də belə bir müraciət etmək istəyir ki, müdafiə nazirinin gəlişi ərəfəsində Azərbaycan tərəfi guya təxribata əl atır. Bu mənada erməni diversiyasının növbəti həmləsi məhz düşünülmüş şəkildə hazırlanmış bir plandır. Digər tərəfdən Tovuz istiqamətində erməni provakasiyasından 40 gün keçib və ermənilər özlərinin məğlubiyətinin əvəzini çıxmaq üçün hansısa bir addım atmağa çalışırdılar. Bu növbəti diversiya, sabotaj və terror cəhdidir, cari ilin iyulunda Azərbaycan-Ermənisan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın həyata keçirdiyi təxribatın davamıdır. Azərbaycan Silahlı Qüvvələri ayıq-sayıqlığını, peşəkarlığını növbəti dəfə nümayiş etdirərək diversiya cəhdinin qarşısını aldı və qrupun komandiri əsir götürüldü.

- Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun səfərini necə qiymətləndirirsiniz? Hansı məsələlər müzakirə masasında olacaq?

- Rusiya müdafiə nazirinin səfərinin birmənalı şəkildə nəyisə həll etməsi inandırıcı deyil. Müdafiə nazirlərinin görüşləri mütəmadi olaraq keçirilir. Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlıq mövcuddur. Rusiya ilə hər hansı bir blokda təmsil olunmasaq da, hərbi sənaye kompleksi məhsularının satılması və digər məsələlərdə əməkdaşlıq əlaqələri var. Dağlıq Qarabağ münaqişəsinin həlli isqitamətində bu səfərdən hər hansı bir gözlənti ehtimalı yoxdur. Amma danışıqların davam etməsi, bəzi məsələlərin yerində müzakirəsi vacibdir. Qardaş Türkiyə müdafiə naziri Hulusi Akarın səfərindən sonra belə bir görüşün keçirilməsi müsbət bir hal kimi dəyərləndirilir.

- Son proseslər fonunda ATƏT-in Minsk Qrupunun tərkibinin dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib. Türkiyənin təmsilçiliyi nə dərəcədə gözləniləndir?

- ATƏT-in Minsk Qrupunun həmsədrləri 25 ildir ancaq deklorativ bəyanatlar verməklə məşğuldur. Bu təşkilatda təmsil olunan hər bir dövlət Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər, verdikləri qərarların icrasına da diqqət etməlidirlər. Minsk Qrupunun həmsədrləri mnaqişəni sülh yolu ilə həll edirlərsə, monitorinqlər daha ciddi aparılmalıdır. Kimin təxribatçı, kimin təxribata məruz qalan tərəf olduğu açıq şəkildə qeyd olunmalıdır. Amma Tovuz hadisələrində ATƏT tərəfindən aparılacaq monitorinqlər gecikdi. Son zamanlar isə onların məcburiyyətdən bəyanatlara çıxış etdiklərini müşahidə edirik. Elementar humanitar məsələlərdə Tovuz, Gədəbəy və digər sərhədyani ərazilərdə əkin-biçin zamanı atəşkəsə nail olmaq istiqamətində ATƏT-in bəyanatı mövcuddur. Bütün bunlara baxmayaraq demək olar ki, bu qərarlar da icra edilmədi. ATƏT tərəfindən heç nəzərdə tutulmuş monitorinqləri də həyata keçirmirlər ki, prosesin hansı məcraya yönəldiyini görsünlər. Eyni zamanda tək ATƏT-də Minsk Qrupuna daxil olan ölkələr deyil, orada təmsil olunan dövlətlər ərazi bütövlüyümüzü tanıdıqları kimi bu istiqamətdə də öz mövqelərini ortaya qoymalıdırlar.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər