27 Avqust 2020 09:05
15 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizi istiqamətində geosiyasi vəziyyət yenidən kəskinləşib. Türkiyənin Şərqi Aralıq dənizində özünə məxsus su ərazilərində təbii qaz və neft axtarışlarını aparması bir sıra ölkələrin əsassız narahatlığına səbəb olub. Artıq ABŞ, Misir, İtalya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri Yunanıstana dəstək olaraq dənizdə hərbi təlimlərə başlayıb və Türkiyəyə müəyyən mesaj verməyə çalışırlar. Ankara isə bəyan edib ki, belə addımlarla Türkiyəni maraqlarından çəkindirmək və geri addım atmağa məcbur etmək mümkün deyil.

Beynəlxalq media isə Şərqi Aralıq dənizində müharibə ssenarisini mümkün hesab edir.

Teleqraf.com-un mövzu ətrafında suallarına Azərbaycan Prezidentinin sabiq köməkçisi, politoloq Oqtay Qasımov cavablandırıb.

- Oqtay bəy, Aralıq dənizində vəziyyət yenidən kritik həddə çatıb, az qala müharibə atmosferi özünü göstərir. Faktiki olaraq Misir, Birləşmiş Ərəb Əmirliyi, Fransa, ABŞ və İtaliya Türkiyəyə qarşı Yunanıstanla birlik olaraq təlimlərə başlayıb. İngilis mediası isə müharibənin ola biləcəyini anons edir. Yaranan vəziyyəti necə qiymətləndirirsiniz?

- Əslində indi Şərqi Aralıq dənizində gərginlik bir qədər artsa da, xüsusi yeni faktor yoxdur. Yəni baş verənlər köhnə siyasətin və mövqelərin üzərindən edilir. Köhnə mövqe dedik də biz Aralıq dənizində Yunanıstanın destruktiv fəaliyyətini nəzərə almalıyıq. Çünki Yunanıstanın təklif etdiyi variantlar heç bir halda Türkiyənin maraq və mənafelərinə uyğun deyil. Nəzərə almağımız lazımdır ki, Yunanıstan faktiki olaraq dəniz səthinin və dibinin bölünməsi ilə əlaqədar beynəlxalq konvensiyaları pozmağa çalışır. Məsələn, Yunanıstanın İtaliya ilə bağladığı müqavilələrdə dənizin səthi və dibinin bölünməsi kontinental ana ərazilər hesab olunan yerlər üzərindən hesablanır. İtaliya ilə belə müqavilə imzalayan Yunanıstan eyni mövzuda Türkiyə ilə bağlı tamamilə başqa mövqe sərgiləyir. İddia edir ki, dənizin səthi və dibinin bölünməsi Yunanıstana məxsus adalardan hesablanmalıdır. Bu o deməkdir ki, İzmir, Antalya bölgələrinə yaxın ərazilər, bütövlükdə Türkiyə Anadoluya qapadılır və dəniz dövləti olmaqdan çıxarılır. Bu da heç cür qəbul ediləcək yanaşma deyil. Türkiyə də öz mövqelərini beynəlxalq hüquqa əsaslanmış formada ortaya qoyur. Türkiyə öz mənafelərindən güzəştə getməyəcəyini haqlı olaraq bildirir, həmçinin beynəlxalq hüququ əsas götürərək və paralel olaraq qonşuluq münasibətləri üzərindən məsələnin həllinin tərəfdarı kimi çıxış edir. Yəni bu məsələdə Türkiyə haqlı tərəfdir.

Ancaq bəllidir ki, Aralıq dənizində vəziyyətin kəskinləşməsi oradakı çox ciddi və böyük rəqəmlərlə ölçüləcək karbohidrogen ehtiyatlarının mövcudluğu ilə bağlıdır. Türkiyənin də müstəsna iqtisadi dəniz bölgəsi olan 200 millik ərazi sularında olan maddi nemətlər onun özünə məxsusdur. Hazırda Türkiyə beynəlxalq hüquqla özünün ərazilərində axtarış işləri aparır.

- Müsəlman ölkələri olan Misir və Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Yunanıstanla birlikdə anti-Türkiyə təlimlərinə qatılmasını necə qiymətləndirmək olar?

- Misir və BƏƏ-nin sözsüz ki, Türkiyə ilə müəyyən problemləri var. BƏƏ və digərləri əslində müstəqil dövlətlər deyillər. Onlar Şərqi Aralıq dənizində faktiki destruktiv rol oynayan ölkələrdir. Üstəlik tam müstəqil deyil, daha çox ABŞ və digər güclərə bağlıdırlar. BƏƏ faktiki olaraq Liviyada qiyamçı general Xəlifə Haftarı dəstəkləyən və ona maliyyə dəstəyi verən ölkələrdən biridir. İndi ona heç bir aidiyyəti olmayan, həmçinin regional və beynəlxalq oyunçu olmadığı təqdirdə özünü Aralıq dənizinə soxub. Sözsüz ki, Türkiyə bu kimi dövlətlərin qarşısında geri çəkilək ölkə deyil.

ABŞ və digərlərinin məsələsinə gəldikdə qeyd edim ki, Amerika burada özünün strateji və iqtisadi maraqlarını əsas götürür. ABŞ-ın Misir üzərində nüfuzu, eyni zamanda Yunanıstanla bağlı mövqeyi aydındır. Lakin düşünmürəm ki, ABŞ burada Türkiyə ilə məsələni tam gərginləşdirilməsinə qədər getsin. Xüsusilə indi ABŞ üçün həssas dövürdür və hazırda ABŞ-ın atdığı addımlar daha çox noyabrda keçiriləcək prezident seçkilərinə hesablanan davranışlardır. Hər halda mən belə qiymətləndirirəm.

- Ancaq Şərqi Aralıq dənizində Türkiyəyə qarşı olan Avropa ölkələri də var və onlar daha fəal görünürlər. Almaniya daha çox diplomatik çərçivədə davranış sərgiləsə də, Fransa faktiki Cənubi Kipr Respublikası istiqamətinə silah-sursat toplamaqla məşğuldur...

- Müşahidələr göstərir ki, Almaniya bu ana qədər daha təmkinli davranmağa və iki tərəf arasında məsələlərin danışıqlar yolu ilə həll edilməsinin tərəfindədir. Bu baxımdan vəziyyət nə qədər gərgin olursa-olsun düşünmürəm ki, bu silahlı qarşıdurma mərhələsinə qədər gəlib çıxsın. Burada bir yunan hiyləgərliyi də var. Daha çox dövlətləri bu prosesə qatmaq və Türkiyəni fakt qarşısında qoymaq istəyirlər. Amma mən düşünmürəm ki, Türkiyə maraqlarından vaz keçməlidir. Qənaətimcə rəsmi Ankara Şərqi Aralıq dənizində sahil dövlətləri olan İsrail və Misirlə fəal diplomatik təmaslara keçməli, bu məsələdə onların maraqlarının nədən ibarət olduğunu ortaya qoymalıdır. Həmçinin bu dövlətlərin cəmiyyətləri ilə işləməlidir. O mənadakı Şərqi Aralıq dənizində sahil dövlətlərinin müstəsna iqtisadi məkanlarının bölünməsinə dair Yunanıstanın təklif etdiyi varianta İsrail və Misir razılaşsa, bu zaman onların hər biri 17-20 min kvadart kilometrlik dəniz ərazisini itirmək təhlükəsi ilə üzləşməli olacaqlar. Bu məsələlər həmin dövlətlərin ictimaiyyətinə çatdırılsa, fəal lobbiçilik işi aparılsa, məncə, bu dövlətlər öz fəaliyyətində müəyyən korrektələr edə bilərlər. Hərçənd ki İsrail bu məsələlərdə Türkiyənin əleyhinə fəal mövqe tutmur. Misirin mövqeyi isə sırf Türkiyəyə yönəlik addımdır. Çünki Türkiyə tərəfi 2013-cü ildə Misirdə çevrilişlə hakimiyyətə gələn Sisi hökumətinə qarşı oldu. Bu da münasibətləri soyutdu və bu soyuqluq hazırda da davam edir. Hesab edirəm ki, Türkiyə Misirlə münasibətləri qaydaya qoymalı, həm Misirdən, həm də İsraildən geri çağırdığı səfirlərini iş başına göndərməlidir.

- Fransanın aktivliyi xüsusilə seçilir. Parisin bu məsələdə məqsəd və marağı nədir?

- Əvvəla, Fransanın da iştirak etdiyi təlimlər müəyyən mesaj vermək məqsədi daşıyır. Amma nəzərə almaq lazımdır ki, bu təlimlərdə iştirak edən dövlətlərin əksəriyyəti NATO-da Türkiyənin müttəfiqləridir və onlar birbaşa qarşıdurmaya getməyəcəklər. Sadəcə olaraq yayındırıcılıq mesajı verirlər. Bir daha qeyd edim ki, bu addımlara rəğmən Türkiyə öz mövqeyindən çəkilməməlidir və çəkilməyəcək də. Əvəzində bu ölkələr Türkiyənin ortaya qoyduğu və beynəlxalq hüquqa uyğun olan mövqeyə gəlməlidirlər. Məsələ də masa arxasında həllini tapmalıdır.

Fransaya gəldikdə deyim ki, hətta Fransa bütövlükdə ordusunu Cənubi Kipr Respublikasına toplasa belə Türkiyənin bir tükünü tərpədə bilməz. Bu reallığı bilmək lazımdır. Fransanın Türkiyəyə qarşı hərbi hərəkəti mümkün deyil, Paris bu dəliliyə getməz və bunu ağlının ucundan belə keçirməz. Sadəcə Fransa burada Avropanın aparıcı iki dövlətindən biri kimi ortaya mövqeyini qoymağa çalışır. Fransanı əslində nə bu ərazilərlə, nə də Kiprlə bağalayacaq tarixi, siyasi, hərbi bağlılığı olmayıb. Fransanın indi bu məsələlərə burnunu soxması əslində problemi süni sürətdə gərginləşdirməkdən ibarətdir. Bu Prezident Makronun anti-Türkiyə və anti-Ərdoğan mövqeyindən qaynaqlanan məsələdir. Mən hesab etmirəm ki, Fransanın hansısa təhdidi və təzyiqi qarşısında Türkiyə maraqlarından geri addım ata bilər. Bu istisnadır. əslində Fransa kimi dövlətlər olmasa Yunanıstan asan şəkildə masaya oturub Türkiyə ilə anlaşmazlıqları müzakirə edə bilər. Türkiyə min illərdir ki, burada olan, Aralıq dənizinin sahil dövlətidir və bu regiona bağlıdır. Fransa haqqında isə bunu demək mümkün deyil. İndiki halda Yunanıstan beynəlxalq hüquqa və konvensiyalara əməl etməldidir. İtaliya ilə bir cür, Türkiyə ilə başqa cür müqavilə bağlamaq mümkün deyil.

- İngiltərənin bu məsələdə maraqlı mövqe tutaraq proseslərə qarışmaması nəyə hesablanıb?

- İngiltərə bu məsələdə daha doğru mövqe tutur. Baxmayaraq ki, İngiltərəni bu bölgəyə daha çox tarixi və siyasi bağları var. Uzun müddət Kipr adası İngiltərə müstəmləkəsi olub və burada hətta ingilis bazası olub. Üstəlik Kipr məsələsində qarantyor dövlətlərdən biri də İngiltərə olub. Bu mənada deyərdim ki, indiki ana qədər rəsmi Londonun mövqeyi daha doğrdur. Onlar Türkiyənin hüquqlarını əsasən qəbul edirlər. Bilirlər ki, sahil dövləti və dənizlərin bölünməsinə dair beynəlxalq xartiya əsasında Türkiyə özünün məhəllə sularında fəaliyyət göstərə bilər. Sadəcə olaraq Lozanna müqaviləsi imzalananda Egey və Aralıq dənizində olan bir sıra qayalıqlar və adalarla bağlı məsələlər açıq qaldığından bu gün müəyyən problemlər ortaya çıxır. O zaman ərazi suları, 3, sonra 5 minə çıxarıldı, daha sonra artırıldı. Amma dənizlərin bölünməsi haqda xartiyada dənizlərdəki müstəsna iqtisadi ərazilər adalardan deyil, ana torpaqlarından hesablanır. Türkiyədə bunu əsas götürərək 2019-cu ilin noyabrında Liviya ilə müqavilə imzaladı. Hətta bu müqaviləni BMT-nin təsdiqinə göndərdi. Yəni Türkiyə atdığı addımın beynəlxalq hüquqa uyğun olmadığını bilsəydi, imzaladığı müqaviləni heç zaman BMT-yə göndərməzdi. Bu mənada Türkiyənin atdığı addımlar beynəlxalq hüquqa tam uyğundur. Deməli, burada məsələ hüquq məsələsi deyil, bəzi dövlətlərin əlində “şıltaq uşaq” funksiyasını üzərinə götürən Yunanıstanın üzərinə düşür. Bu balaca dövlət öz aləmində guya Türkiyəyə meydan oxuyur və ərazi bölgüsündə bunun başqa formula ilə hesablanmasını tələb edir. Bu da mümkün olacaq iş deyil.


Müəllif: Nemət

Oxşar xəbərlər