29 Avqust 2020 14:00
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda “Müdafiə haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihə ictimai müzakirəyə çıxarılıb. Odudan kənar hərbi könüllülərin yaradılması ilk növbədə Ermənistanın regionda sülh danışıqlarından imtina etməsi anlamına gəlir. Digər tərəfdən Tovuz təxribatlarından sonra düşmən ölkə layiqli cavabını aldı, güvəndiyi dövlətlər isə onu dəstəkləmədi. İşğalçı ölkə 2016-cı ilin aprel döyüşlərindən bəri Azərbaycan ordusunun nəyə qadir olduğunu, hansı silahlarla vuruşduğunu gördü.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bioldirb.

Onun sözlərinə görə, qardaş Türkiyə silahlı qüvvələrinin Azərbaycan ordusu ilə keçirdiyi geniş miqyaslı döyüş təlimləri düşməni qorxuya salıb.

Millət vəkili bildirib ki, ermənilər əvvəllər də partizan dəstələrinin və ya digər silahlı birləşmələrin yaradılması ilə bağlı sərsəm bəyanatlarla çıxış ediblər: “Hər kəsə məlumdur ki, onların dünyada terrorçu kimi tanınan “ASALA” təşkilatı uzun illər bir çox ölkələrdə türk diplomatlarına, mülki şəxslərə qarşı sui-qəsdlər təşkil edib. Paşinyanın da hərbi könüllü dəstələr yaratmaqda məqsədi başqa ölkələrdə yaşayan erməni terrorçularını bir yerə toplamaqdır.

Eyni zamanda o, yaxşı başa düşür ki, erməni ordusunun əksər hissələri ona qarşı əks mövqedədir. Daha doğrusu, başqa ölkə tərəfindən idarə olunur və Ermənistanda bir balaca daxili gərginlik yarandıqda, ordu ona dəstək verməyə bilər”.

Nəsib Məhəməliyev qeyd edib ki, Tovuz istiqamətində təxribat törədən erməni diviziya komandiri general-mayor Xaçaturovdur: “Onun atası, Kollektiv Təhlüksəsizlik Müqaviləsi Təşkilatının keçmiş rəhbəri general-polkovnik Xaçaturov Paşinyan tərəfindən həbs edilib. Həmçinin düşmən ordusunda komandir heyətinin bir çoxu Qarabağ klanının üzvləridir. Ona görə də, yeni yaradılacaq könüllü hərbi dəstələrdən Paşinyan hakimiyyətini qorumaq üçün istifadə oluna bilər”.

Millət vəkili vurğulayıb ki, ermənilərin nə insan resursları, nə də iqtisadiyyatı kifayət qədər yetərli deyil: “Məhz bu səbəbdən təbliğat apararaq dünya erməniliyindən və ənənəvi türk düşməni olan bəzi ölkələrdən maliyyə vəsaiti dilənəcəklər. Yeni yaradılacaq dəstələrə xaricdən muzdlular da cəlb edilə bilər. Birinci Qarabağ döyüşləri zamanı nizami ordumuzun olmadığı halda məşhur terrorist Monte Melkonyanın və çoxsaylı digər muzdluların aqibətləri hər kəsə yaxşı məlumdur. Qəhrəman əsgərlərimiz onları məhv edərək Ermənistanı matəmə qərq etdiklərini yəqin ki, unutmayıblar”.

Deputat əlavə edib ki, bütün bunların fonunda Azərbaycanın mükəmməl ordusu var: ”Ordunun güclü siyasi iradəyə malik Ali Baş komandanı, səngərdə sıravi əsgərlə çiyin-çiyinə döyüşən Polad Həşimov kimi generalları var. Bütün bunların arxasında isə Qarabağa görə vahid yumruq kimi birləşməyi bacaran 10 milyonluq Azərbaycan xalqı durur. Ermənilər bir dəfəlik dərk etməlidirlər ki, onlar Azərbaycan torpaqlarında heç vaxt rahat nəfəs ala bilməyəcəklər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər