4 Sentyabr 2020 20:31
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi barədə müsahibə verib.

Teleqraf.com həmin müsahibəni təqdim edir:

- Cavanşir müəllim, Serbiya prezidenti Azərbaycan prezidentinə zəng vurub və Tovuz hadisələrində Serbiyanın Ermənistana silah satması ətrafında aşkarlanmış faktla bağlı öz təəssüfünü bildirib. Edilən zəng hansı mənanı ifadə edir?

- Baş vermiş insidentdən sonra Serbiya rəhbərliyinin Azərbaycan prezidenti ilə dərhal əlaqəyə girməsi gözlənilən idi. Görünür ki, ötən günlər ərzində Serbiya siyasi hakimiyyəti hadisələri ölçüb-biçib dəyərləndirərək sonda doğru nəticəyə gəliblər. Dünyanın digər ölkələrində də bu kimi hadisələr baş verir. Burada o qədər də qeyri-adi bir şey yoxdur. Bütün ölkələr öz aralarında müəyyən ticarət əlaqələrində bulunurlar. O cümlədən silah-sursat ticarəti də ölkələr arasında geniş yayılmış ticarət növüdür. Sadəcə Serbiyanın Azərbaycanla strateji tərəfdaş olduğunu nəzərə alaraq və Serbiya hakimiyyətinin Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğunu bilərək Ermənistana silah satması təəccüb və təəssüf doğurur. Ona görə də bu zəng həmin faktların araşdırılması və dəyərləndirilməsi üçün çox pozitiv başlanğıc addımdır.

- Telefon danışığında qeyd olunub ki, Serbiyadan yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gələcək və bu faktın araşdırılması ilə məşğul olacaqlar. Belə bir araşdırmaya ehtiyac varmı?

- Serbiyadan gəlməsi nəzərdə tutulan nümayəndə heyəti çox güman ki hərbi mütəxəssislərdən ibarət olacaq. Eyni zamanda, silahın hansı yolla, hansı şərtlərlə və hansı şəraitdə Ermənistana satılması da aydınlaşdırılmalıdır. Ola bilər ki Serbiya birbaşa Ermənistana silah satmayıb və ya Serbiyada istehsal olunmuş silahın üçüncü ölkələr tərəfindən alınması da mümkün variantlardan biridir. Ola da bilər ki Serbiya birbaşa bu silahı Ermənistana satıb. Bütün bu məsələləri araşdırmaq və səbəblərini aydınlaşdırmaq, eləcə də, izahat vermək üçün Serbiyadan yüksək səviyyəli nümayəndə heyətinin gəlməsinə ehtiyac var.

- Baş verənlərdən sonra Serbiya ilə Azərbaycan arasındakı münasibətlərin perspektivini necə dəyərləndirə bilərsiniz?

- Serbiya-Azərbaycan münasibətləri olduqca böyük perspektivlərə malikdir. Serbiya Avropa qitəsində Azərbaycanın strateji tərəfdaşlarından biridir. Gələcəyə hesablanmış Azərbaycan-Serbiya münasibətlərinin bugünkündən daha yüksək səviyyədə qurulmasına ehtiyac var. Hesab edirəm ki, hər iki ölkənin siyasi hakimiyyəti özlərində güc tapıb bu faktı araşdırıb onun mənfi və müsbət tərəflərini dəyərləndirdikən sonra münasibətlərin yeni səhifədən başlanması və bugünkü səviyyədən daha yüksək səviyyəyə qaldırılması da mümkündür. Siyasətdə incimək, küsmək anlayışına yer yoxdur. Siyasətdə maraqlar anlayışı var. Biz də öz maraqlarımızı daha dolğun təmin etmək üçün emosional yox, praqmatik olmalıyıq. Əminəm ki, belə də olacaq.


Müəllif: Teleqraf.com