Səudiyyə kralı Abdullah bin Əbdüləzizin 2002-ci ildə irəli sürüdüyü, əksər ərəb dövlətləri və dünya ictimaiyyətinin qəbul etdiyi sülh təşəbbüsünə əsasən, İsrailin rəsmən tanınması və onunla əlaqələrin normallaşdırılamsı üçün bir neçə şərt irəli sürüldü. Şərtlərə əsasən İsrail, paytaxtı Şərqi-Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətini tanımalı, bu dövlətin 1967-ci ilin əraziləri üzərində formalaşmasına və bütün qaçqınların dönməsinə boyun qoymalıdır.
Bu fikirləri Teleqraf.com-a şərqşünas Samid Bağırov son günlər ərəb coğrafiyasında baş verən prosesləri şərh edərkən deyib.
Onun sözlərinə görə, həmin sülh təşəbbüsünə əsasən yalnız bu şərtlər yerinə yetirildikdən sonra ərəb dövlətləri ilə İsrailin əlaqələrinin rəsmiləşdirməsindən söhbət gedə bilərdi: "İnkar edilə bilməz ki, həmin təşəbbüsdən indiyədək, yəni 18 il ərzində İsrail nəzarətində olan Fələstin ərazilərində nəinki yaşayış massivlərinin salınmasını artırıb, hətta Qüdsü öz paytaxı və Colanı yüksəkliklərini öz ərazisi kimi tanıtdırıb. Bundan əlavə, İordan çayının qərb sahilində İordan vadisi üzərində də suverenliyini elan etmək istədiyini vaxtaşırı qarşı tərəfə xəbərdarlıq mesajı olaraq çatdırır".
Samid Bağırov qeyd edib ki, son illər əksər ərəb dövlətləri, xüsusilə Səudiyyə Ərəbistanının təsir dairəsində olan körfəz ölkələri sözügedən sülh təşəbbüsündəki şərtlərin sanki ağır olduğunu dilə gətirməyə çalışırlar:
“Onlar Donald Trampın Qüdsü İsrail paytaxtı elan etməsinə, Suriyanın Colan yüksəkliklərini İsrailin ərazisi olaraq tanımasına və Yaxın Şərq münaqişəsi ilə bağlı irəli sürüdüyü “Əsrin Sazişi” planına da tutarlı cavab vermədilər və ya verə blmədilər. Körfəz ərəb dövlətlərinin BƏƏ-İsrail əlaqələrinin rəsmiləşdirilməsi ilə bağlı mövqe bildirməməsi məsələyə münasibətin müsbət olduğunu göstərir.
BƏƏ-İsrail əlaqələrinin rəsmiləşdirilməsi xəbəri çıxan kimi Fələstin muxtariyyəti Ərəb Dövlətləri Liqasından təcili toplantı keçirməyə çağırdı. Lakin Bəhreyn buna etiraz edərək BƏƏ-İsrail əlaqələri məsələsinin ƏDL-ın xarici işlər nazirləri müstəvisində keçiriləcək 154-cü toplantısına tapşırılmasını istədi.
Sentyabrın 9-da keçirilən ƏDL xarici işlər nazirlərinin 154-cü toplantısının gündəmində isə BƏƏ-İsrail əlaqələri yer almadı. Toplantıda iştirak edən Fələstin xarici işlər naziri Riyad Malikinin BƏƏ-İsrail əlaqələrinin pislənilməsi və məsələ ilə bağlı yekun bəyanatda müvafiq bəndin yerləşdirilməsi tələbi cavabsız qaldı. Əvəzində isə ərəb dövlətlərinin XİN rəhbələri ƏDL-in bu toplantısını Türkiyə və İranın “müdaxilə”lərinə, müstəqil Fələstin dövlətinin təşkili üçün göstərilən “səy”lərə həsr etdilər.
Bu, azmış kimi körfəz ərəb dövlətlərinin vahid siyasi qurumu olan Körfəz Əməkdaşlıq Şurasının baş katibi Nayif əl-Hucraf Fələstin Muxtariyyətindən KƏŞ və ƏDL-dən üzr istəməyi tələb etdi. Səbəb isə maraqlıdır; Fələstin hərəkatları Beyrutda keçirdikləri toplantıda BƏƏ-İsrail əlaqələrinin rəsmiləşdirilməsini və körfəz ərəb dövlətlərinin İsraillə əlaqələri normallaşdırmaq tendensiyasını tənqid ediblər”.