Xarici İşlər naziri Ceyhun Bayramov Misirin Azərbaycandakı səfiri Adel İbrahimi qəbul edib.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
C.Bayramov Azərbaycan ilə Misirin münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulanıb.
A.İbrahim Misirin xarici işlər naziri Sameh Şukrinin səmimi təbriklərini C.Bayramova çatdırıb və onu ölkəsinə rəsmi səfərə dəvət edib.
Tərəflər ölkələrimiz arasında qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti, pandemiyadan sonra birbaşa uçuş reyslərinin bərpası və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.
Nazir Misir səfirinə Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri, Ermənistanın davam edən təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi son hərbi təxribatı, işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrimizdə Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti və bu yolla münaqişənin həlinə, eləcə də azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasına maneə törətdiyi barədə ətraflı məlumat verib. Misir də daxil olmaqla beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərar və qətnamələrin müddəalarına, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri dönməsinin zəruriliyi vurğulanıb.
A.İbrahim, öz növbəsində, Misirin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.