15 Sentyabr 2020 11:24
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci ilin 15 sentyabrında Türk ordusu və Azərbaycan Milli Korpusunun Bakı şəhərini azad etməsi tariximizin ən şanlı hadisələrindən biridir. Bu, eyni zamanda iki qardaş ölkə arasında tarixən davam etmiş qarşılıqlı yardımlaşmanın növbəti parlaq mərhələsi hesab olunur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Fəlsəfə doktoru bildirib ki, XIX əsrdə Azərbaycan əhalisi Osmanlı dövlətinə müharibələrdə müxtəlif vasitələrlə kömək etməyə çalışıb:

"Azərbaycan tərəfindən Osmanlıya qardaş yardımları 1877-1878-ci illər müharibəsi dönəmində daha çox olub. Balkan müharibələri dövründə Hacı Zeynalabdin Tağıyev başda olmaqla toplaşan Bakı milyonçuları Osmanlı dövlətinə yardımla bağlı qərar veriblər. Həmin qərara əsasən Tağıyev Osmanlıya yarım milyon qızıl pul, digər milyonçular isə 100 000 qızıl puldan az olmamaq şərti ilə ianələr göndəriblər. Həmçinin Osmanlı dövləti müharibədən çıxana qədər toyların edilməməsi, kino və teatrlara gedilməməsi, evlərdə musiqili, təmtəraqlı tədbirlərin olmaması barədə qərar qəbul edilib. Eyni zamanda Azərbaycan qadınları ləl-cəvahiratlarını Bakıdakı Osmanlı konsulluğuna və Osmanlı dövlətinin “Hilali-əhmər” (“Qırmızı Aypara”) Təşkilatına təhvil verirdilər".

Tarixçinin sözlərinə görə, o zaman nəinki varlılar, hətta məscid qapılarında dilənən şəxslər də gizlicə Osmanlı konsulluğuna gələrək əldə etdikləri pulları onlara təqdim edirdilər:

“Bununla bağlı o dövrə aid müxtəlif mənbələrdə faktlar əksini tapıb. Əlavə olaraq azərbaycanlı gənclər də müxtəlif yollarla Osmanlı ordusunun tərkibində vuruşmaq üçün gediblər".

Elnur Kəlbizadə qeyd edib ki, 1918-ci ildə isə Azərbaycanın və onun əsas şəhərinin işğaldan azad edilməsi naminə türk qardaşlarımız da əllərindən gələni əsirgəməyiblər:

“1918-ci ilin 15 sentyabrında Bakıda olan əsirlər də xilas edilib. Bakının əsirlikdən azad edilməsində müharibə illərində rus ordusu tərəfindən əsir alınaraq müxtəlif düşərgələrə sürgün edilmiş, sonra isə sürgündən qaçmış əsirlər də fəal iştirak edib. Digər tərəfdən Bakının azad edilməsi həm də Bakı yaxınlığındakı Nargin əsir düşərgəsində saxlanılan 3000 nəfərə yaxın əsirin də xilas olması ilə nəticələnib. Bu əsirlər arasında isə təkcə türklər deyil, həm də alman və avstriyalılar da var idi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər