17 Sentyabr 13:06
285

2018-ci il Prezident seçkilərindən sonra İlham Əliyev bütün sahələrdə islahatların aparılacağını bəyan etdi. Ötən müddətdə hakimiyyətin hər üç qolunda kadr, struktur dəyişiklikləri baş verdi. Paralel olaraq sosial siyasətdə, iqtisadiyyatda, aqrar sektorda və digər sahələrdə islahatlar aparıldı. Azərbaycan cəmiyyətini ciddi narahat edən korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübarizə başlandı.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, vətəndaş məmnunluğunu təmin etmək, süründürməçiliyi, bürokratik əngəlləri aradan qaldırmaq üçün zəruri addımlar atılıb:

"Kimliyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər bir şəxs qanun qarşısında bərabərdir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması üçün əsaslı işlər aparılır. Təkcə vergi və gömrük sahəsində atılmış ciddi addımlar nəticəsində milyardlarla əlavə vəsait büdcəyə qaytarılıb".

Nəsib Məhəməliyev sahibkarlıq, biznesin inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, özəl sektora məmurların müdaxiləsinin qarşısının alınması üçün də ciddi addımlar atıldığını qeyd edib:

“Korrupsiya və rüşvətxorluğa qarşı səmərəli mübarizə aparmaq üçün Milli Məclis tərəfindən də müvafiq qanunvericilik bazası yaradılıb. Cənab Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı nümayiş etdirdiyi siyasi iradə cəmiyyət tərəfindən də yüksək qiymətləndirlir. Burada ictimai nəzarət funksiyasını həyata keçirən vətəndaş cəmiyyəti institutlarının xidməti də danılmazdır”.


Müəllif: Tapdıq Qurbanlı