Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatdan 3 aya yaxın müddət keçib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupu isə məsələyə indi münasibət bildirir. Bu yanaşma münaqişənin dinc yolla tənzimlənməsində məsul olan bir təşkilatın prosesə münasibətini ortaya qoyur.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, son iki yüz ildə ermənilər azərbaycanlıları dəfələrlə öz yurd-yuvalarından deportasiya ediblər:
“Bütün bunların fonunda ATƏT-in Minsk Qrupu Ermənistana işğalçılıq və qanunsuz məskunlaşdırma siyasətinə görə etiraz etməyib. Son günlər onların yenidən danışıqları bərpa etmək üçün atdığı addımlar isə heç bir məntiqlə uzlaşmır. ATƏT-in Minsk Qrupunun həmsədrləri “intensiv məsləhətləşmələr”dən sonra Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə “qeyd-şərtsiz” danışıqlara başlamağa çağırıblar. Həmsədrlər bəyanatla çıxış edərək bildiriblər ki, “iyul ayında Ermənistan-Azərbaycan sərhədində yaşanmış gərginliyə xüsusi diqqət ayıraraq, regiondakı vəziyyəti müzakirə ediblər”. Onlar Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla ayrılıqda telefonla danışıblar. Telefon danışığında hər iki ölkənin nazirini növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpasına çağırıblar. Eyni zamanda həmsədrlər hər iki ölkənin XİN rəhbərlərini fərdi olaraq üzbəüz görüşə də dəvət ediblər".
Naqif Həmzəyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun təcavüzkar Ermənistanla bağlı qərar verməməsi bu quruma olan inamı heçə endirir:
“BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 4 qətnaməsində ermənilərin bu torpaqlardan çıxarılması tələbinə baxmayaraq buna əməl edilmir. BMT Təhlükəsizlik Şurasının qətnamələri hüquqi baxımdan məcburidir və onların icrası hər bir dövlətin öhdəliyidir. Ermənistan 4 qətnamənin tələblərinin yerinə yetirilməməsinə görə hələ də məsuliyyətə cəlb olunmayıb. Həmsədrlərin aşkar uğursuzluğunun bir səbəbi də qətnamələrin icrasını təmin etməmələridir. Ona görə də Minsk Qrupunun təcavüzkarla təcavüzə məruz qalana ədələtli davranacağına inam qalmayıb. Eyni zamanda Tovuz hadisələri, ermənilərin qanunsuz köçürmə siyasəti həmsədrlər tərəfindən qətiyyətlə pislənməlidir. Çünki ATƏT-in Minsk Qrupunun prosesə seyrçi mövqedən yanaşması vəziyyəti daha da gərginləşdirir”.