Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrləri fəallıq göstərməyə çalışaraq tərəfləri vaxt itirmədən danışıqlara çağırıb. Sizcə Minsk Qrupunu təlaşa salan hansı amildir?
- ATƏT-in Minsk Qrupunun fəaliyyəti Azərbaycan ictimaiyyətinə məlumdur. Həmsədrlərin tələsik olaraq belə bir görüşü təşkil etməkdə məqsədləri münaqişənin gedişində hansısa bir yenilik etməklə bağlı deyil. Sadəcə olaraq onlar iş fəaliyyətləri ilə bağlı əl-ayağa düşüblər. Onların atmaq istədikləri addımlar sadəcə hesabatları üçün edilən səylərdir. Eyni zamanda Minsk Qrupu tərəfindən təşkil ediləcək görüşün münaqişənin həllini irəliyə aparacaq bir əhəmiyyəti də yoxdur. Paralel olaraq bu, Azərbaycan üçün olduqca əhəmiyyətsiz bir görüşdür. Bu cür addımlar həmsədrlərin özlərinə vacibdir ki, fəaliyyətlərini bu görüşlər vasitəsi ilə təsdiq etsinlər. Bu eyni zamanda işğalçı Ermənistana vaxt udmaq baxımından lazımlıdır.
- Niyə həmsədrlər Ermənistanın Tovuz provakasiyasını və qanunsuz yerləşdirmə siyasətini cavabsız qoydular?
- İyul döyüşləri və ardınca ermənilər Dağlıq Qarabağda qanunsuz məskunlaşdırmaya başladı. Bu hadisələr olan vaxt həmsədrlər harada idi. Niyə o zaman səslərini çıxara bilmirdilər? Minsk qrupu münaqişənin saxlanması, status-kvonun qorunması üçün xidmət göstərir. Onların bu faəliyyətinin nəticəsidir ki, Azərbaycan torpaqları hələ də işğaldadır. Bu gün Azərbaycan cəmiyyəti də açıq-aydın bilir ki, məhz həmsərd dövlətlərin sayəsində bizim torpaqlarımız işğal edilib. Məhz onların istəyi və iradəsi ilə də bu gün torpaqlarımız işğalda qalır. Çünki bu dövlətlər Cənubi Qafqazda münaqişələrin olmasını istəyirlər. Daimi olaraq burada sülhün olması bu dövlətlərə maraqlı deyil. Ona görədə də bu regionda münaqişlərin yaranması və alovlanması onların marağındadır.
- İndiki halda danışıqların bərpası real görünürmü?
- Hazırda belə bir real situasiya mövcud deyil. Eyni zamanda həmsədrlik insititutunda söz sahibi olan bu üç dövlət dünyanın az qala idarə olunmasında əsas qüvvədirlər. Bu dövlətlər elə bir imkanlara malikdirlər ki, istədikləri vaxt dünyanın istənilən nöqtəsində münaqişə ocağı yarada bilirlər. Onların iradəsinə uyğun olaraq da münaqişələr və problemlər də həll edilir. Məhz onların belə bir gücə sahib olduqları müstəvidə niyə Dağlıq Qarabağ probelimini həll etməkdə maraqlı deyillər? Çünki bu münaqişə onların özləri tərəfindən yaradılıb. İstəkləri də ondan ibarətdir ki, bu münaqişə də davamlı olsun. Ayrı-ayrılıqda onların bu məsələdə öz məqsədləri var.
- ATƏT-in Minsk Qrupunun mandatının dəyişdirilməsi mümkündürmü?
- 10 ildən artıqdır ki, belə bir təkliflə çıxış edilib. Təklif olunub ki, ATƏT də olan mandat BMT-nin Təhlükəsizlik Şurasına həvalə edilsin. Tələb odur ki, Azərbaycanın ərazi bütövlüyünün taleyi 3 ermənipərəst dövlətin iradəsindən asılı olmasın. Bu mandat yenidən ATƏT-də qalacaqsa, burada da format dəyişməlidir. Çünki ATƏT tək bu 3 dövlətdən ibarət deyil. Digər ATƏT üzvü olan dövlətlərin bu prosesə cəlb edilməsi vacibdir. Bəlkə o zaman hansısa ədalətli bir yanaşmanın ortaya qoyulması mümkün ola bilər.
- Ermənistan bəyan edib ki, danışıqları dayandırıb, Azərbaycan tərəfinin isə danışıqlara inamı qalmayıb. Müharibə riski real görünürmü?
- Ermənistan ilk dəfə deyil ki, danışıqların dayandırıldığını bəyan edir. Onlar bəyan edirlər ki, bu torpaqlar bizimdir. Çünki onlar bizim torpaqları işğal edib və bu gün də proses davam edir. Ona görə də təbii ki, işğalçı hər hansı bir danışıqlar formatında iştiraka maraqlı olmayacaq. Azərbaycan tərəfi də dəfələrlə bəyan edib ki, nəticəsiz danışıqlar vaxt itkisindən başqa bir şey deyil. Belə olan halda isə bütün diplomatik kanallar və siyasi insititutlar faəliyyətini dayandırmalı və ordu öz işini görməlidir.